İTSDA-nın Çağrı mərkəzinə ötən il daxil olan müraciətlərin sayı açıqlanıb

İTSDA-nın Çağrı mərkəzinə ötən il daxil olan müraciətlərin sayı açıqlanıb
# 12 fevral 2021 10:32 (UTC +04:00)

2020-ci ilin mart-dekabr ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 133 574 müraciət daxil olub.

Bu barədə APA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, Çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 73 828, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 11 488, psixoloji dəstəklə bağlı xəttinə 3 837, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 13 039, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə isə 31 382 müraciət daxil olub.

Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti müayinə və müalicə (18 725), özünütəcrid müddəti (13 149) və koronavirus şübhəsi (10 572) ilə bağlı olub.

İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin 1 144-ü əlillik məsələləri, 3 663-ü dərman təchizatı, 6 681-i sosial məsələlər barədə olub.

Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:

• İctimaiyyət və tibbi heyət üçün psixoloji dəstək – 2 150 müraciət

• COVID-19 xəstələri üçün psixoloji dəstək – 694 müraciət

• Müharibədən zərərçəkmişlər və hərbçilər üçün psixoloji dəstək – 223 müraciət

Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə daxil olan müraciətlərin əksəriyyəti tibbi müayinə və müalicə (4 657) ilə bağlı olub.

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

Məlumat üçün bildirək ki, Agentlik tərəfindən 2020-ci ilin mart ayında istifadəyə verilən Çağrı mərkəzi beş yönəldici xətt üzrə xidmət göstərir. Belə ki, Çağrı mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, icbari tibbi sığorta və digər məsələlər ilə bağlı xətti (1542-1) iş günlərində saat 09:00-dan 18:00-dək, psixoloji dəstək xətti (1542-2), poliklinik xidmətlərlə bağlı dəstək xətti (1542-3), COVID-19 testinin nəticəsi və seroloji testlər ilə bağlı xətti (1542-4) həftəiçi 08:00-dan 22:00-dək, həftəsonu 09:00-dan 21:00-dək, vaksinasiya xətti (1542-5) isə həftəiçi 08:00-dan 22:00-dək fəaliyyət göstərirlər. Qeyd edək ki, vaksinasiya xətti 2021-ci ilin əvvəlində istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR