İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən illəri zərərlə başa vurub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən illəri zərərlə başa vurub
  • Clock-gray 16:34
  • calendar-gray 29 Yanvar 2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Nizamnaməsinin 4.5.18-ci bəndinə əsasən öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Nizamnamənin tələbini rəhbər tutaraq Agentlik 2019-cu il üzrə illik maliyyə hesabatının auditini “böyük dördlüyə” daxil olan audit şirkətlərindən biri olan “PwC Azerbaijan” MMC-yə həvalə edib.

Agentlikdən APA-ya verilən məlumata görə, öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına önəm verərək “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq konsolidə edilmiş maliyyə hesabatlarına dair kənar auditor rəyi Agentlik tərəfindən rəsmi internet səhifəsində yerləşdirilib.

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2019-cu il tarixində başa çatan il üzrə Agentliyin və onun törəmə müəssisələri üçün (birlikdə “Qrup” adlandırılır) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 nömrəli Mühasibat Uçotunun Beynəlxalq Standartının 2 (c) bəndinə əsasən, dövlət büdcəsindən daxil olan vəsaitlər  Agentliyin gəliri kimi tanınmadığı üçün həmin vəsaitlər Agentliyin konsolidasiya edilmiş mənfəət və ya zərər və s. məcmu gəlir haqqında hesabatında qeyd olunmamışdır. Sözügedən vəsaitlər Agentliyin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında kapital bölməsinin sair ehtiyatlar bölməsində əks etdirilib.

Agentliyin əsas əməliyyat gəlirləri yığılmış icbari tibbi sığorta haqları hesab edilir və 2019-cu ildə sığortahaqlarının yığımı həyata keçirilmədiyindən, həmçinin dövlət büdcəsindən daxil olan vəsaitin gəlir kimi tanınmaması səbəbindən audit rəyinə əsasən 2019-cu ildə zərər qeydə alınıb. Eyni zamanda həmin dövr ərzində icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdəki tibb müəssisələrində çalışan tibb və qeyri-tibb heyətinin əməkhaqlarında və bonuslarında artım olmuşdur. Əlavə olaraq həmin tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib. 

2019-cu ilin tanınmış gəlirləri isə cəmi 1 milyon 874 min manat olub ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və  azadolmalardan  əldə edilən vəsait aiddir. Hesabatda qeyd olunduğu kimi, 2019-cu ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 35 milyon 776 min manat, Agentliyin ümumi və inzibati xərcləri 22 milyon 961 min manat təşkil edib.

Kənar auditor rəyinə əsasən, 2019-cu ilin sonuna Agentliyin nizamnamə kapitalı 9 milyon 565 min manat, Qrupun cəmi kapitalı 168 milyon 667 min manat təşkil edib. Həmçinin, Qrupun aktivləri 174 milyon 226 min manat təşkil etmişdir ki, bundan 50%-i uzunmüddətli aktivlərdir. Eyni zamanda, qeyd edilən dövrdə Qrupun uzunmüddətli öhdəlikləri 848 min manat, qısamüddətli öhdəlikləri isə 4 milyon 750 min manat təşkil edib.

Qeyd edək ki, icbari tibbi sığortanın 2019-cu ildə pilot layihə kimi tətbiq olunduğu ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) baza zərfi çərçivəsində 343 min 800 sakinə tibbi xidmətlər ödənişsiz təqdim edilib. Həmin dövr ərzində icbari tibbi sığorta haqları toplanılmamışdır. Bu da öz növbəsində hesabatda xərclərin gəlirləri üstələməsinə təsir edən vacib amillərdən biridir. Beləliklə nəzərinizə çatdırırıq ki, illər üzrə dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən Agentlik müvafiq illəri zərərlə başa vurmuş hesab edilib.

Günay Elşadqızı

Digər xəbərlər