İcra başçısı: "Bərdəyə qadağan olunmuş kasetli bombalar atılıb"

İcra başçısı: "Bərdəyə qadağan olunmuş kasetli bombalar atılıb"
# 29 oktyabr 2020 12:03 (UTC +04:00)

“Hesab edirəm ki, düşmənin əsas hədəfi obyektlərdən çox insanlar olub”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib . O bildirib ki, raket bilərəkdən nəqliyyatın intensiv olduğu yerə düşüb: "Yanmış maşınları görürsüz. 30-a qədər maşına zərər dəyib. Çox təəssüf ki, iki maşın hərəkətdə olarkən qəlpələr dəyib. Yanğın hadisəsi olub, içərisində insanlarımız həlak olub. Bütövlükdə dünən 21 nəfər dünyasını dəyişib və 70-ə qədər insan yaralanıb. Ağır yaralılarımız var. Nisbətən orta ağır yaralılar yaxın ətrafdakı xəstəxanalara göndərilib. 3 nəfər Bakı şəhərinə təxliyə olunub. O cümlədən digər ərazilərə də yaralılar təxliyə edilib”.

O qeyd edib ki, düşmən istəyinə nail olmayıb: “Bərdə qədim şəhərdir. Bura həm ön, həm də arxa cəbhədir. Kifayət qədər cəbhə bölgəsindən uzaqdır. Burda heç bir hərbi obyekt yoxdur. Sırf mülki obyektlərdir və əsas insanlar hədəf götürülüb. Atılan mərmilərin xarakteri odur ki, qəlpələr ətrafa yayılıb, daha çox insanın məhvinə yönəlib. Bunlar qadağan olunmuş kasetli bombalardır. Hesab edirəm ki, əvvəl Gəncəyə, sonra Bərdəyə atılan bu mərmilər insanlarımızı daha da birləşdirdi və mətinləşdirdi. Düşmənə nfrəti daha da alovlandırdı. Dünən də, bu gün də xəstəxanada olarkən bütün insanların iradəsi belədir ki, biz Ali Baş Komandan, dövlətçilik ətrafındayıq. Bərdə camaatını respublikanın bütün camaatı kimi öz yolundan döndərmək olmaz. Biz Vətən müharibəsi aparırıq, bunun fərqindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR