İndiyədək şəhid ailəsi və müharibə əlillərinə 9000-dən artıq mənzil və 7000-dən çox avtomobil verilib

İndiyədək şəhid ailəsi və müharibə əlillərinə 9000-dən artıq mənzil və 7000-dən çox avtomobil verilib
# 24 dekabr 2020 15:02 (UTC +04:00)

“Gəncə şəhərində iki kateqoriyadan olan vətəndaşlarımıza dəstək tədbirləri göstəriləcək. Bunlardan biri döyüşlərdə şəhid və əlil olan Gəncə sakinləri ilə bağlı olacaq. Bununla bağlı müvafiq proqram hazırlanıb. Hazırda onun yekun müzakirə mərhələsi davam edir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə səfərdə olan Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, eyni zamanda erməni işğalçı qüvvələri əsl xislətini, vandallığını bir daha göstərərək dinc sakinlərin yaşadığı əraziləri də bombalayıb, həm Gəncədə, həm Bərdədə, həm də digər ərazilərimizdə 44 günlük döyüşlər zamanı 94 mülki şəhidimiz olub: “Bu, həm beynəlxalq hüquq pozuntusu, həm beynəlxalq müharibə cinayətidir. Müharibə cinayətini törətməkdə yeganə məqsəd Azərbaycan xalqını, sivil vətəndaşlarını qorxutmaq idi. Əlbəttə ki, heç bir şeyə nail olmadılar. Biz şəhidlər versək də, yaralılarımız olsa da, Azərbaycan xalqı və Ordusu Ali Baş Komandanın qətiyyətini gördü. Müzəffər Ordumuz və Ali Baş Komandanımız, ən önəmlisi müzəffər xalqımız olduğunu hər kəs gördü. Əlbəttə ki, bu insanların da diqqətdən kənar qalmayacağı bəlli idi və ölkə başçısının verdiyi tapşırığa müvafiq olaraq mənzilləri, evləri zərər görən ailələrin hər biri Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunublar. Ölkə başçısının tapşırığına uyğun olaraq onların mənzil təminatı ilə bağlı ciddi iş aparılır və ən yüksək səviyyədə dövlət tərəfindən veriləcək. Nazirlik tərəfindən isə 94 şəhid ailə üzvlərinin hər birinə müavinət, təqaüd və digər sosial ödənişlər noyabr ayından başlayaraq icra edilir. Onlar özünüməşğulluq proqramlarına cəlb ediliblər, psixoloqlar onlarla sosial-psixoloji iş aparır".

Nazir qeyd edib ki, hazırda icra olunan proqram 2014-cü il yanvarın 1-dək növbəyə duran şəhid ailələri və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılmasıdır: “Bununla bağlı artıq Gəncə şəhərində olan 103 ailə mənzillə təmin olundu. Növbəti proqramlar 2014-cü ildən sonrakı dövrə uyğun olaraq təqdim olunacaq. Ümumiyyətlə, ölkə üzrə artıq 9000-dən artıq mənzil və fərdi ev, eyni zamanda 7000-dən artıq avtomobil bu kateqoriyadan olan insanlara təqdim edilib. Hər bir haqqı çatan insana bu mənzillər və ya avtomobillər təqdim olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR