İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb
# 09 mart 2021 18:16 (UTC +04:00)

DİM tərəfindən 7 mart 2021-ci il tarixində Bakı və Gəncə şəhərlərində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan nəticələri bu gün saat 17:40-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak üçün qeydiyyatdan keçən 1855 namizəddən 70 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 4 nəfər, BA2 altqrupu üzrə 14 nəfər, BA3 altqrupu üzrə 31 nəfər, BA4 altqrupu üzrə 83 nəfər, BB1 altqrupu üzrə 35 nəfər, BB2 altqrupu üzrə 64 nəfər, BB3 altqrupu üzrə 129 nəfər, BB4 altqrupu üzrə 194 nəfər olmaqla, ümumilikdə 554 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün martın 9-dan 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya komissiyası 10-11 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Qeyd edək ki, martın 7-də keçirilən imtahan üçün üçün tərtib olunmuş sual kitabçalarında qanunvericilik proqramı üzrə 2 test tapşırığı imtahan proqramına daxil edilmiş mövzulara aid olsa da, bu mövzuların proqrama daxil edilməmiş bənd və maddələrinə əsaslanaraq hazırlanıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən həmin test tapşırıqları üzrə bilik və bacarıqların qiymətləndirilməsinin namizədlərin xeyrinə hesablanması barədə müvafiq qərar qəbul edilib. Xatırladaq ki, hazırda test imtahanı proqramları üzərində iş gedir. Gələcəkdə qanunvericilik üzrə proqrama daxil olan normativ hüquqi sənədlərin yenilənməsi və hazırkı proqramda olan qanunvericilik aktlarına aid bəzi digər bənd və maddələrin də proqrama əlavə edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR