“İrəvan şəhəri” kitabının təqdimatı keçirilib

“İrəvan şəhəri” kitabının təqdimatı keçirilib
# 23 aprel 2021 14:14 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun elmi işçisi Nazim Mustafanın müəllifi olduğu “İrəvan şəhəri” adlı kitabın təqdimatına həsr olunmuş "Azərbaycanın Ermənistandakı tarixi varlığı" adlı vebinar keçirilib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, BMTM-nin şöbə müdiri Cavid Vəliyev çıxış edərək Mərkəzin dəstəyi ilə çap olunmuş kitabda Ermənistanda Azərbaycanın tarixi varlığı və mədəniyyəti haqqında ətraflı məlumat verildiyini bildirib.

Onun sözlərinə görə, kitab həm tarixi, həm də siyasi baxımdan çox əhəmiyyətli vəsaitdir. O, nəşrin erməni mənbələri əsasında yazıldığını qeyd edib.

Daha sonra çıxış edən BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev bütün akademik işlərdə emosiyasız, faktlara əsaslanan yanaşmanın sərgilənməsinin vacibliyini vurğulayıb. O bildirib ki, İrəvan şəhərinin tarixi Azərbaycan üçün çox vacibdir və sözügedən kitab həm tarixi, həm də gələcək nəsillərin məlumatlanması baxımından önəmlidir: "Münaqişənin yekun həllindən danışırıqsa, azərbaycanlı qaçqınlar Ermənistana qayıtmalıdır – bu ədalətin tam şəkildə bərpası deməkdir. Prezident İlham Əliyevin də dediyi kimi, bizim Ermənistana qarşı ərazi iddiamız yoxdur, amma hüquqi və tarixi baxımdan oradakı irsimizə, tariximizə iddiamız var. Post-münaqişə dövrünə dair müzakirələrdə heç kim Azərbaycanın Ermənistandakı mədəni irsindən danışmır. Xarici ekspertlər, tarixçilər və siyasətçilər ermənilərin Azərbaycanda olan mədəni irsi ilə əlaqədar isə suallar qaldırırlar. Bu paradiqmanı artıq dəyişmək lazımdır".

Daha sonra kitabın müəllifi Nazim Mustafa təqdimatla çıxış edib. Onun sözlərinə görə, kitab əslində ittiham aktı kimi də qəbul oluna bilər. Belə ki, bu qədər tarixi və mədəni irsi olan bir xalqın irsini yox etmək özü bir cinayətdir. O daha sonra İrəvanda mövcud olmuş mədəniyyət abidələri, meydanlar, karvansaraylar, hamamlar, dəyirmanlar və küçələr haqqında məlumat verib. Müəllif qeyd edib ki, bütün bu tarixi yerlər Azərbaycan, türk dilinə məxsus adları daşıyıb: “1905-06-cı illərdə olan kütləvi qırğınlardan sonra ilk dəfə Cənubi Qafqazda ermənilərə məxsus anklavlar yaranıb. 1918-20-ci illərdə azərbaycanlılara qarşı törədilən soyqırımlarında təkcə İrəvan quberniyasında təqribən 135 min nəfər soydaşımız soyqırımına və deportasiyaya məruz qalıb. Firudin bəy Köçərli, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Miryusif Mirbabayev, Həbib bəy Səlimov kimi görkəmli şəxslər İrəvanda doğulublar. Bizim oradakı mədəni irsimizə qarşı vandalizm aktı törədilib. Xan sarayı, Sərdar Məscidinin 2014-cü ildə qalan qalıqları dağılıb. Göy məscid fars məscidi kimi təqdim olunur. Qalan məscidlər məhv edilib”.

Müəllif vurğulayıb ki, 1828-ci ildə İrəvanda azərbaycanlı əhalinin sayı bütün əhalinin 75,6%-ni təşkil edib, 1989-cu ildə isə bu rəqəm 0% təşkil edib: “Nəticə kimi onu demək istərdim ki, İrəvan şəhərində Azərbaycan xalqına qarşı genosid, etnosid kimi aktlar həyata keçirilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR