İstanbul Konvensiyasının xüsusi maddələrinə dair silsilə vebinarlara start verilib - VİDEO

İstanbul Konvensiyasının xüsusi maddələrinə dair silsilə vebinarlara start verilib - VİDEO
# 18 mart 2021 20:30 (UTC +04:00)

Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq II (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” birgə layihəsi ilə bağlı İstanbul Konvensiyasının xüsusi maddələrinə dair silsilə vebinarlar təşkil edilir.

APA-nın məlumatına görə, bu silsilədən ilk vebinar martın 18-də baş tutub.

Tədbir qadınlara qarşı zorakılığın qarşısının alınmasına dair dövlətin ümumi öhdəlikləri haqqında 12-ci maddəyə həsr olunub. Bu maddə dövlətlərin qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısını necə alması yolları haqqındadır.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Pərvanə Bayramova məqsədlər barədə danışıb. Daha sonra Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyesə İstanbul Konvensiyası, layihə və vebinar haqqında məlumat verib, tədbirin gedişinə uğurlar arzulayıb.

Ardınca vebinarda “İstanbul Konvensiyasının 12-ci maddəsi: Ümumi Öhdəliklər” mövzusunda Avropa Şurasının eksperti, xanım Rabiya Əli təqdimat edib. Tədbir zamanı gender stereotiplərinə qarşı çıxmaq, qadınların səlahiyyətlərinin genişləndirilməsi, məhdud imkanlı qruplar, kişilərin və oğlanların cəlb edilməsi və digər bir neçə qabaqlayıcı addım müzakirə olunub.

12-ci maddə ilə bağlı təqdimat sual-cavab sessiyası ilə davam edib. İştirakçılar bu maddənin digər ölkələrdə həyata keçirilməsinə dair nümunələrə xüsusi maraq göstəriblər. Qadınlara qarşı zorakılıq hallarını necə müəyyən etmək, yerli səviyyədə hansı mübarizə tədbirləri görmək və ya qadınlara qarşı zorakılığın ictimai məsələ kimi qəbul edilməsinə necə nail olmaq kimi məsələlərə toxunulub.

Pərvanə Bayramova bildirib ki, daha çox qəbul olunduğu yerin adı ilə İstanbul Konvensiyası kimi tanınan Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası bu sahədə hüquqi cəhətdən məcburi öhdəlikləri ehtiva edən ilk beynəlxalq müqavilədir: "İstanbul Konvensiyasının məqsədi Preambulasında göstərildiyi kimi "qadınlara qarşı zorakılıqdan və məişət zorakılığından azad Avropaya nail olmaq"dır. Bu məqsədə nail olmaq üçün Konvensiya dörd əsas istiqamət üzrə tərəf dövlətlər üçün öhdəliklər müəyyən edir: zorakılığın qarşısının alınması, zorakılıq qurbanlarının müdafiəsi, zorakılıq törədən şəxslərin məsuliyyətə cəlb edilməsi və qurumlararası əlaqələndirilmiş əməkdaşlıq. Bu dörd istiqamətə əsaslanan hərtərəfli yanaşma ilə İstanbul Konvensiyası qadınlara qarşı zorakılığın bütün formalarının və məişət zorakılığının aradan qaldırılmasını hədəf seçir".

P.Bayramova vebinar barədə də fikirlərini bölüşüb. O bildirib ki, bugünkü vebinar Avropa İttifaqı və Avropa Şurasının birgə "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" layihəsi çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycanda dövlət qulluqçuları, hüquq professionalları, vətəndaş cəmiyyəti nümayəndələri arasında və ümumilikdə cəmiyyətdə İstanbul Konvensiyasına dair məlumatlılığı artırmaq və müvafiq dövlət qurumlarına İstanbul Konvensiyasının imzalaması və ratifikasiyası istiqamətində dəstək göstərməkdir: "Bugünkü vebinar İstanbul Konvensiyasının qadınlara qarşı zorakılığın qarşısının alınmasına dair ümumi öhdəliklər haqqında 12-ci maddəsinə həsr olunub. Vebinar müvafiq dövlət qurumlarının əməkdaşları, vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, sosial işçilər və universitet tələbələri üçün nəzərdə tutulub. Biz ümid edirik ki, bu vebinarlar və ümumilikdə layihə Azərbaycanda İstanbul Konvensiyasının konkret müddəalarına dair bilikləri artıracaq, həmin müddəaların mahiyyətinin düzgün başa düşülməsinə şərait yaradacaq və milli səviyyədə Azərbaycan tərəfindən İstanbul Konvensiyasının imzalanmasına dair müzakirələri stimullaşdıracaq".

Təxmini hesablamalara görə, dünyada hər 3 qadından 1-i həyatı boyunca qadınlara qarşı zorakılığın bu və ya digər formasına məruz qalıb. Əldə olan məlumata görə, Azərbaycanda vəziyyət bir o qədər də fərqli deyil. Bununla belə, statistika göstərir ki, məişət zorakılığı qurbanlarının təxminən 61%-i bu barədə heç kimə məlumat vermir. Məişət zorakılığı yenə də müəyyən mənada şəxsi ailə məsələsi kimi nəzərdən keçirilir, bu da qəbul edilmə mühiti yaradır və qadınların zorakılıqla bağlı məlumat verməsində əlavə əngəllər törədir. Azərbaycanda qadınların təxminən 40%-i məişət zorakılığı ilə bağlı mövcud qanunları bilmir.

Azərbaycan son illərdə qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə və onun qarşısının alınması sahəsində müəyyən irəliləyişlərə nail olub. Bununla belə, əlavə tədbirlərə ehtiyac var. İstanbul Konvensiyasına qoşulmaqla Azərbaycan zorakılığın qarşısının alınması, qurbanların müdafiəsi və zorakılıq törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün mümkün olan ən yaxşı çərçivəni yaradacaq, bu da, cəmiyyətin daha azad və zorakılığın daha az olmasına gətirib çıxaracaq.

Qeyd edək ki, bu vebinar, Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyası) maddələrinə dair vebinarların bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR