İxrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi məlum olub

İxrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi məlum olub
# 16 noyabr 2020 13:59 (UTC +04:00)

İxrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi məlum olub.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, istehsalçı tərəfindən ixrac qeydi ilə satılacaq mallar üzrə ixracatçıya “Malların ixrac qeydi ilə satış qaiməsi” təqdim ediləcək.

“Malların ixrac qeydi ilə satış qaiməsi”ndə satışı həyata keçirilən malların kodu, adı, ölçü vahidi və miqdarı əks olunur və istehsalçı tərəfindən satılmış malların 3 (üç) ay müddətində ixrac edilməsi şərti qeyd edilir.

Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər qarşısıalınmaz hallarda 3 (üç) ay müddətinə ixrac həyata keçirilmədikdə, həmin müddət başa çatdıqdan sonra 15 (on beş) gün müddətində ixracatçının ərizəsi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Dövlət Vergi Xidməti) tərəfindən 3 (üç) ayadək əlavə möhlət verilir.

Əlavə möhlət müddəti bu qayda ilə müəyyən edilmiş inzibati icraat prosedurundan asılı olmayaraq, istehsalçı tərəfindən satılmış malların 3 (üç) ay müddətində ixrac edilməsi müəyyən edilmiş müddətin bitdiyi tarixdən etibarən 3 (üç) ay müddətinə məhdudlaşdırılır.

İxracatçı əlavə möhlətin müddətinin verilməsi ilə bağlı “İnzibati icraat haqqında” qanunda nəzərdə tutulmuş qaydada Dövlət Vergi Xidmətinə ərizə təqdim edir.

Dövlət Vergi Xidməti tərəfindən ixracatçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə 15 (on beş) iş günü müddətində baxılır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qərarın qəbul edilməsi üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq ərizəçiyə bildiriş təqdim edilir, sifarişli poçt göndərişi vasitəsilə və ya elektron üsulla göndərilən bildirişdə formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar ixracatçıya eyni zamanda bildirilməlidir.

İxracatçı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 5 (beş) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qərarın qəbul edilməsi ilə bağlı müddətin axımı dayandırılır və 6 dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ixracatçının müraciətindən sonra müddətin axımı bərpa olunur. İxracatçı ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda, Dövlət Vergi Xidməti ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.

Dövlət Vergi Xidməti təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi üzrə ixracatçıya əlavə möhlət müddətinin verilməsi barədə və ya əlavə möhlət müddətinin verilməsindən imtina haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ixracatçıya təqdim edir. Məlumat sifarişli poçt göndərişi vasitəsilə və ya elektron üsulla göndərilir.

İxracatçı ixrac qeydi ilə satılan malların ixrac edilməsinə dair məlumatı malların gömrük rəsmiləşdirilməsini həyata keçirdikdən sonra 1 (bir) iş günü müddətində istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim edir.

İxracatçı tərəfindən ixrac qeydi ilə alınan mallar bu Qaydada müəyyən olunmuş müddətdə ixrac edilmədiyi və ya həmin müddətdən sonra ixrac edildiyi halda, habelə bu Qaydalarls müəyyən edilmiş şərtlərə uyğun olmadıqda ixrac qeydi ilə edilən satış malların ölkədaxili satışı hesab olunur.

İxrac qeydi ilə satılan malların qayda ilə müəyyən olunmuş müddətdə ixracı baş tutmadığı halda, büdcə qarşısında yaranan öhdəliklər (büdcəyə ödənilməli olan vergi və gecikdirilən gün üçün hesablanmış faiz məbləğləri) istehsalçının hesabına ödənilir.

İstehsalçı tərəfindən büdcə qarşısında öhdəliklərinin ödənilməsi üçün təminatdan (bank qarantiyası və ya depozit) istifadə edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR