Köçkün yataqxanasında yanğında zərər dəymiş bəzi ailələr dövlət hesabına kirayə mənzillə təmin olunacaq

Köçkün yataqxanasında yanğında zərər dəymiş bəzi ailələr dövlət hesabına kirayə mənzillə təmin olunacaq
  • Clock-gray 15:18
  • calendar-gray 24 Fevral 2021

Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında baş verən yanğın nəticəsində müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində, ümumilikdə 17 mənzilə ziyan dəyib.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq. 

Firuzə Vahid

Digər xəbərlər