Komitə əməkdaşları Gəncədəki terror zamanı valideynlərini itirən azyaşlını ziyarət ediblər

Komitə əməkdaşları Gəncədəki terror zamanı valideynlərini itirən azyaşlını ziyarət ediblər
# 06 noyabr 2020 16:32 (UTC +04:00)

Ermənistanın siyasi rəhbərliyi tərəfindən Gəncə şəhərinə edilən hərbi cinayət nəticəsində hər iki valideynini və bacısını itirən 3 yaşlı Şahnəzərli Xədicə və onun yaxın qohumları bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən ziyarət edilib.

Komitədən APA-ya verilən məlumata görə, komitənin Gəncə şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin mövcud olmaması səbəbindən Göygöldə yerləşən Mərkəzin əməkdaşları azyaşlı Xədicənin ata və ana qohumları ilə növbəti dəfə görüşüb və tərəflər dinlənilərək fikirləri öyrənilib. Hər iki tərəf uşağı himayəyə götürməkdə maraqlı olduqlarını bildiriblər.

Qeyd olunub ki, hazırda ana nənəsinin himayəsində olan Xədicənin psixoloji vəziyyəti yenidən qiymətləndirilib və əhval-ruhiyyəsinin yaxşı olduğu qənaətinə gəlinib.

Azyaşlının qəyyumluğa verilməsi məsələsi haqqında aidiyyəti qurumlar tərəfindən uşağın ən yaxşı maraqları nəzərə alınmaqla qanuna müvafiq şəkildə qərar veriləcək.

"Qeyd edək ki, 3 noyabr 2020-ci il tarixində Komitə nümayəndələri ailəyə səfər edərkən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılaraq narahatçılığa səbəb olan video ilə bağlı əməkdaşlarımıza məlumat verilib.

Bir daha nəzərinizə çatdırırıq ki, məsələ Komitənin nəzarətindədir", - deyə Komitənin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR