Komitə sədri: "Ötən il məişət zorakılığı ilə bağlı 1380 cinayət törədilib"

Komitə sədri: "Ötən il məişət zorakılığı ilə bağlı 1380 cinayət törədilib"
# 18 dekabr 2020 17:53 (UTC +04:00)

"2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1380 cinayət törədilib. Bu cinayətlər üzrə 1358 nəfər şəxs zərərçəkmiş şəxs qismində tanının ki, onlardan 1038 nəfəri qadın, 12 nəfəri isə yetkinlik yaşına çatmayan qız olub".

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasından irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar dövlət orqanları və digər qurumların nümayəndələrinin iştirakı ilə keçirilən videokonfransda Komitə sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, eyni zamanda ötən il qadınlara qarşı 5706, o cümlədən zorakılıqla bağlı 2269 cinayət qeydə alınıb ki, bu cinayətlərin 18 %-i ailə-məişət münaqişəsi zəminində baş verib:

"Bu rəqəmlər kifayət qədər ciddidir. Gələcəkdə bu sahədə artımın müşahidə olunmaması üçün icraçı, o cümlədən, işçi qruplarda təmsil olunan qurumlar bu sahədə daha peşəkar kadrlarla işləməyə üstünlük verməlidirlər.”

Daha sonra “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” haqqında məlumat verən Komitə sədri bildirib ki, Strategiyada məqsəd ölkə üzrə uşaqların müdafiə sistemini Konstitusiyamızın tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan ibarətdir. O cümlədən, bütün uşaqlar üçün bərabər imkanlar yaratmaq, onların maraqlarını qorumaq, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etmək və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdir. O diqqətə çatdırıb ki, uşaqların müdafiəsi və inkişafı, hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Bu gün Azərbaycan əhalisinin 26.2 faizini uşaqlar təşkil edir.

B. Muradova “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edən uşaqlara dair strategiyanın icrasını təmin etmək üçün iclasda iştirak edən qurumların nümayəndələri ilə cari ilin iyul-avqust aylarında birgə hazırlanmış birinci Fəaliyyət Planı olduğunu qeyd edərək sənədin məqsədinin uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizmlərin formalaşması və aidiyyəti orqanların (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsi olduğunu vurğulayıb.

O, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın bəndləri üzrə məlumatların vahid platformada toplanılması və elektronlaşdırılmasının vacibliyini qeyd edərək əlavə edib ki, bu, icraçı qurumlara vahid platforma üzərindən müvafiq məlumatların daha çevik formada ötürülməsi işində vacib rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR