MM-də müharibə veteranlarına 196 manat müavinət verilməsi təklif edilib

MM-də müharibə veteranlarına 196 manat müavinət verilməsi təklif edilib
# 25 dekabr 2020 16:51 (UTC +04:00)

“Müharibə veteranları gələn ilin ortalarına qədər səfərbərlikdən geri qayıdacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı bildirib.

F. Ağamalı deyib ki, müharibə veteranlarının sayı 50-60 mini ötəcək: “Yaşayış minimumu 196 manat müəyyənləşibsə, yaxşı olar ki, Qarabağ müharibəsi veteranlarına da buna uyğun olaraq 196 manat müavinət verilsin. Hazırda verilən məbləğ bundan dəfələrlə azdır”.

Millət vəkili qeyd edib ki, ünvanlı sosial müavinəti ünvanlı məşğulluq proqramına çevirmək lazımdır: “Vətəndaş bilməlidir ki, o, yalnız işləməklə ailəsini yaşada bilər. Ünvanlı sosial yardıma ayrılan vəsaiti ünvanlı sosial məşğulluğa ayırmaq lazımdır. Bu, ciddi nəticə verə bilər”.

Millət vəkili Sahib Alıyev nəzərə çatdırıb ki, ayrı-ayrı kateqoriyalarda olan insanların güzəştli pensiyaya çıxmaq hüququ var: “Bunun üçün insanların 25 il stajı olmalı, bu müddətin yarısını insan səhhəti üçün ziyanlı işlərlə çalışmalıdırlar. Eyni zamanda onların hesabında 28 min 800 manat pensiya kapitalı olmalıdır. Bu, kifayət qədər böyük məbləğdir. Ancaq son şərtin sovet dövründə işləmiş insanları təmin etməsi mümkün deyil. Ona görə də bunun üçün ədalətli bir meyar müəyyənləşməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR