MM-in komitə sədri: "Payız sessiyasında bir neçə məsələ üzrə dinləmələr keçiriləcək"

MM-in komitə sədri: "Payız sessiyasında bir neçə məsələ üzrə dinləmələr keçiriləcək"
  • Clock-gray 14:22
  • calendar-gray 12 Avqust 2020

“Milli Məclisin Əmək və sosial siyasət komitəsi payız sessiyasında bir neçə məsələ üzrə dinləmələr keçirəcək”.

Bunu APA-ya açıqlamasında komitənin sədri Musa Quliyev deyib.

O bildirib ki, 4 məsələ ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur: "Bunlardan biri sosial sığorta ilə bağlı olan məsələdir. Xüsusilə kənd yerində yaşayan və pay torpağı olan insanların da sosial sığortaya cəlb olunması şərtlərinin yumşaldılması ilə bağlı məsələlər müzakirə ediləcək. İkinci dinləmələr məşğulluq məsələsi ilə bağlı keçiriləcək. Burada qeyri-leqal məşğulluğun aradan qaldırılması yolları araşdırılacaq. Leqal məşğulluğun təmin edilməsi, gənclərin əsasən məşğulluq istiqamətində peşə təlimlərinə cəlb edilməsi məsələsi əsas müzakirə mövzusu olacaq. Üçüncü dinləmə əlillik vəziyyəti, əlilliyin verilməsi proseslərinin vəziyyəti və əlilliyin aradan qaldırılmasına həsr olunacaq. Əlilliyin verilməsi prosesi ilə bağlı olan şikayətlər araşdırılacaq. Əlilliyin reabilitasiyası, əlillərin işlə, reabilitasiya vasitələri ilə təmin olunması üçün hansı işlərin görülməsi müzakirə ediləcək”.

M. Quliyev həmçinin diqqətə çatdırıb ki, Milli Məclisin növbədənkənar sessiyasının son iclasında qaldırılan uşaqpulu məsələsi də müzakirə edilə bilər: “Son iclasda da biz həmin məsələni komitədə müzakirə edə biləcəyimizi dedik. Payız sessiyası başlayanda komitədə bununla bağlı işçi qrup yaradıb, bunu araşdırmağı da iclasda təklif etmişdik. Bura qeyri-hökumət təşkilatları və başqa ekspertləri dəvət etməklə, uşaqpulu verilməsinin formatını seçə bilərik. Bundan ötrü də mən işçi qrup yaratmağı təklif etdim, Milli Məclis rəhbərliyi səviyyəsində də dinləmələrin keçirilməsi tövsiyə olundu. Parlament sentyabrda fəaliyyət başlayanda heç şübhəsiz ki, biz bu məsələləri İş Planımıza daxil edəcəyik. Ola bilsin ki, dinləmə şəklində, ya da İşçi Qrup yaradıb araşdırma aparmaqla bu məsələlərə baxaq. Hələlik isə deyilən məsələlərin heç biri ilə bağlı heç bir iş görülmür”.

Firuzə Vahid

Digər xəbərlər