Metal tullantıları partlayış təhlükəsizliyi müayinəsindən keçiriləcək

Metal tullantıları partlayış təhlükəsizliyi müayinəsindən keçiriləcək
# 19 fevral 2021 13:48 (UTC +04:00)

Metal tullantılarının qəbulu, daşınması, saxlanılması və təkrar emala verilməsi zamanı həmin tullantılar partlayış təhlükəsizliyi baxımından müayinədən keçiriləcək.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənən “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nda əksini tapıb.

Aşağıdakı metal tullantıları partlayış təhlükəli hesab olunur:

- zərərsizləşdirilməmiş hərbi sursatlar;

- sökülməmiş aqreqatlar, maşın hissələri (mühərriklər və s.);

- odsöndürənlər;

- bağlı və yaxud içərisi aydın görünməyən bütün növ qablar, borular və s.;

- üstündə partlayış təhlükəli və yaxud “Oddan qoru” nişanı olan məhsullar.

Metal tullantıları zərərsizləşdirilmiş əşyalar da daxil olmaqla aşağıdakı tələblərə cavab verməlidir:

- artilleriya və atıcılıq silahlarının gilizlərində atılmamış kapsula və partlayıcı maddə qalıqları olmamalıdır;

- təyyarə, hərbi və raket texnikasına məxsus metal tullantıları partlayıcı maddələrdən, yağ və mayelərdən təmizlənməlidir;

- artilleriya və atıcılıq silahlarının lülələrində hər iki tərəfi açıq olan kanallar olmalıdır və ya onların hərbi sahədə istifadə imkanını aradan qaldırmaq üçün deformasiya olmalıdır;

- bütün növ qablar və içi boş predmetlər daxili səthə baxış keçirilməsi üçün əlçatan olmalı (balonların ağzı açıq olmalıdır) və yağ, maye, dənəvər maddələrin qalıqlarından (qış fəslində qar və buzdan) təmizlənməlidir;

- turşu və digər təhlükəli maddələrin saxlanılması üçün istifadə olunan qablar neytrallaşdırılma prosesindən keçirilməlidir;

- partlayışla xırdalanan metal tökmələr və çatmalar partlayış təhlükəsizliyi nəzarətindən keçirilir. Qəbul olunmuş metal tullantıları partiyasında partlayış təhlükəli əşyalar aşkarlandığı təqdirdə bu Qaydalarda göstərilən təlimata uyğun tədbirlər görülməlidir.

Təyyarə, hərbi və raket texnikasına məxsus metal tullantılarının sökülməsi, həmçinin partlayış təhlükəli əşyaların zərərsizləşdirilməsi yüksək təhlükə mənbəyi olan işlərə aid edilir və xüsusi ayrılmış yerlərdə, tullantıların digər növlərinin söküldüyü ərazilərdən kənar məsafədə yerinə yetirilir. Bu cür metal tullantıları digər metal tullantılarından ayrı saxlanılır və daşınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR