Meyitdən donor orqanların götürülməsi qaydası müəyyənləşir

Meyitdən donor orqanların götürülməsi qaydası müəyyənləşir
# 25 sentyabr 2020 12:05 (UTC +04:00)

Meyitdən donor orqanların götürülməsi və transplantasiyası qaydası müəyyənləşir.

APA-nın məlumatına görə, bu, sentyabrın 30-da Milli plenar iclasında müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, şəxs sağlığında meyitinin, orqan və (və ya) toxumalarının transplantasiya məqsədi ilə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqanları istifadə oluna bilər. Şəxs sağlığında orqan donorluğu ilə bağlı məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra arvadının (ərinin), bu şəxs olmadıqda yetkinlik yaşına çatmış övladlarından və valideynlərindən birinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.

Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir.

Qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün bu qanunda göstərilən qohumu olmayan (arvadı (əri), bu şəxs olmadıqda yetkinlik yaşına çatmış övladları və valideynlərindən biri, onlar olmadıqda isə qardaşı (bacısı)) şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsinə icazə verilə bilər. Meyitin məhkəmə-tibbi ekspertizasına zərurət olduqda orqan və topxumaların götürülməsi transplantasiya üzrə dəvət olunan koordinator tərəfindən dəvət olunan məhkəmə-tibb ekspertinin iştirakı ilə həyata keçirilir. Məhkəmə-tibb ekspertinin iştirakına zərurət olmadıqda orqan və toxumaların götürülməsi bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya (meyitin yarılması) protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir.

Qeyd edək ki, qanun layihəsinin ilkin variantına əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün qanunda göstərilən qohumu olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi zamanı transplantasiya üzrə koordinator tərəfindən məhkəmə-tibb eksperti məlumatlandırılmalı və orqan və toxumaların götürülməsi onun iştirakı ilə həyata keçirilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR