Milli Məclisdə Vətən müharibəsində iştirak etmiş həkimlərlə görüş keçirilib

Milli Məclisdə Vətən müharibəsində iştirak etmiş həkimlərlə görüş keçirilib
# 13 mart 2021 13:53 (UTC +04:00)

Bu gün Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş həkimlərlə görüş keçirib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, vitse-spiker Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində göstərdiyi şücaət nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsindən bəhs edərək qeyd olunan tarixi qələbənin tariximizin ən şanlı səhifələrindən biri olduğunu bildirib.

Döyüş meydanında qazanılmış qələbənin ölkə başçısı tərəfindən diplomatik müstəvidə də uğurla davam etdirilməsinə toxunan Adil Əliyev nəticədə Ağdam, Kəlbəcər, Laçın və digər şəhər və rayonlarımızın bir güllə belə atılmadan geri alınmasını diplomatiyamızın çox böyük uğuru adlandırıb. Qeyd edib ki, Vətən müharibəsində “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan xalqının arxa cəbhədə, igidlərimizin isə ön cəbhədə şücaəti ölkəmizin gücünü bir daha bütün dünyaya göstərib.

2020-ci ildə həkimlərimizin pandemiya xəstəxanalarında, sonra isə müharibə zamanı fəaliyyətindən danışan vitse-spiker onların fədakarlığını yüksək qiymətləndirib.

Bildirib ki, həkimlərimizin gərgin əməyi nəticəsində bir çox yaralı hərbçimiz həyata qaytarılıb, bir çox hərbçimizin isə müalicəsi davam etdirilir. Adil Əliyev göstərdikləri fədakarlığa və vətənpərvərliyə görə bir daha həkimlərə təşəkkürünü bildirib, Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləklərini ifadə edib.

Görüşdə iştirak edən həkimlər torpaqlarımızın düşmən işğalından azad edilməsindən qürur duyduqlarını və yaralanmış hərbi qulluqçularımıza xidmət göstərməyin onların vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda Vətən müharibəsində xidmət etmiş həkimlərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR