Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib

Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
  • Clock-gray 17:51
  • calendar-gray 04 Mart 2021

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri açan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan dövlətinin hadisələrə adekvat  reaksiya verdiyini, bütün sahələrdə dövrün reallıqlarını nəzərə almaqla yeni çağırışlar, qərar və qanunlar qəbul etdiyini vurğulayıb: "Buna misal hələ 15 il əvvəl – 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunudur. Bu qanunu qəbul etməklə Azərbaycan MDB-də və Avropa məkanında bir çox ölkələri qabaqlayıb. Həmçinin gender bərabərliyi haqqında qanun qəbul edildikdən sonra milli qanunvericilik bazası yenidən ekspertizadan keçirilib, bu qanundan irəli gələn zərurətə görə bir çox qanunlara, eləcə də məcəllələrə müvafiq əlavə və dəyişikliklər edilib”.

Komitə sədri bildirib ki, lakin zaman keçdikcə yeni tələblər və çağırışlar meydana gəlib, mövcud qanunlara yenidən nəzər salmaq və  qanunun tətbiqi təcrübəsində yaranmış boşluqları müəyyənləşdirmək zərurətə çevrilib.

Sonra tədbirdə geniş məruzə edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət                                            Komitəsinin sədri Bahar Muradova fikirlərini açıqlayıb, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunun icrasında mövcud olan imkan və çətinliklər barədə danışıb: “Pandemiya və müharibə dövrü bizə gender bərabərliyi sahəsindəki çətinliklərimizin nədən ibarət olduğunu göstərdi. Qanunların icrasına məsul olan bütün qurumların fəaliyyətində, tərtib etdikləri bütün hesabatlarda, apardıqları bütün təhlillərdə gender məsələsinə həssas yanaşma nümayiş etdirilməlidir. Bu, dayanıqlı inkişaf məqsədlərində də nəzərdə tutulub”.

Dinləmədə təhsil nazirinin müavini Firudin Qurbanovun “Təhsildə gender bərabərliyinin təmin olunması”, daxili işlər nazirinin müavini İsmət Əliyevin “Hüquq-mühafizə müstəvisində gender bərabərliyinin təmini”, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun “Əmək qanunvericiliyi sahəsində gender bərabərliyinin gələcək təminatları” mövzularında məruzələri dinlənilib. Məruzəçilər sözü gedən qanunla bağlı bir sıra təkliflər irəli sürüblər.

Tədbirdə geniş müzakirələr aparılıb. Parlamentin Ailə, qadın və uşaq məsələləri                                            komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvləri Sevil Mikayılova, Tamam Cəfərova və Könül Nurullayeva, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri  Mehriban Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov rəy və təkliflərini bildiriblər.

Müzakirələri parlamentin komitə sədri Hicran Hüseynova yekunlaşdırıb.

Dinləmədə Milli Məclisin deputatları Rauf Əliyev, Pərvin Kərimzadə, Ramin Məmmədov və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin şöbə müdirləri Taliyə İbrahimova və Kəmalə Ocaqova, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı İctimai Birliyinin gender məsələləri üzrə koordinatoru Leyli Bayramova, Sağlam Həyat Naminə İctimai Birliyinin sədri Sədaqət Hüseynova, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri (Sumqayıt şəhəri) Zemfira Mustafayeva, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova iştirak ediblər.

Firuzə Vahid

Digər xəbərlər