Milli parklarda "Açıq qapı" günü keçirilib

Milli parklarda "Açıq qapı" günü keçirilib
  • Clock-gray 09:17
  • calendar-gray 03 Fevral 2021

2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Şirvan Milli Parkında “Açıq qapı” günü və elmi-məlumatlandırıcı seminar keçirilib.

APA-nın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, tədbirdə İDEA İctimai Birliyinin, Ümumdünya Təbiəti Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Turizm Agentliyinin, ETSN-nin əməkdaşları və ekokönüllülər iştirak edib. 

Seminarda köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin (bird watching) inkişafı ilə bağlı müzakirələr aparılıb. Daha sonra iştirakçılar Milli parkın “Qızılqaz gölü” marşrutunda su-bataqlıq quşlarını müşahidə ediblər. 

Xidmət rəsmisi bildirib ki, “Açıq qapı” günləri Qızılağac və Ağgöl Milli parklarında da keçirilib.

Qeyd edək ki, su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən 2 fevral tarixi Ümumdünya Su-Bataqlıq Əraziləri Günü  kimi qeyd olunur. Azərbaycanın Ağgöl və Qızılağac Milli parkları mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib.

Əsmər Qabil

Digər xəbərlər