Millət vəkili: "Türkiyə ilə ortaq media platforması yaradırıqsa, orada ortaq dil olmalıdır"

Millət vəkili: "Türkiyə ilə ortaq media platforması yaradırıqsa, orada ortaq dil olmalıdır"
# 01 fevral 2021 15:34 (UTC +04:00)

“Biz ortaq media platforması yaratmaq istəyiriksə, orada ortaq dil olmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hazırkı yeni reallıqda buna diqqət edilməlidir: “Bu dil süni şəkildə formalaşdırıla bilməz. Ortaq platforma yaradılır, amma bizim televiziyalar türk filmlərini tərcümə edərək yayımlayır. Medianın inkişafı dövlətimizin diqqət mərkəzindədir. Yeni konsepsiya ilə bağlı nizamnamədə əksini tapan məsələlər öz həllini tapmalıdır”.

Deputat Sabit Rüstəmxanlı isə deyib ki, ortaq dil heç bir respublikaya lazım deyil: “Ortaq ünsiyyət dili ola bilər. Amma heç bir respublika öz rəsmi dilindən imtina edib, ortaq dili qəbul etməz. 5-10 ildən sonra bu dillərin yaxınlaşması daha da sürətlənəcək. Artıq evlərdə türk seriallarını hər kəs başa düşür. İlk olaraq adları öz dilinə uyğunlaşdırmaq lazım deyil. Məsələn, Devlet Bahçelidir, bunu yazırlar Dövlət Bağçalı. Türkdilli respublikalarda Türkiyə türkcəsi aşağı siniflərdə 3-4 il öyrədilməlidir. Bundan sonra bu respublikalarda yaşayanlar bir-birini başa düşəcək. Türk Şurası bu məsələ ilə məşğul olmalıdır. Ortaq dili süni surətdə yaratmaq olmaz, amma ünsiyyət dili yaradılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR