Millət vəkili: ““YAŞAT Fondu”nun yaradılması dövlətin şəhid ailələrinə və əlillərə həssas münasibətinin növbəti təzahürüdür”

Millət vəkili: ““YAŞAT Fondu”nun yaradılması dövlətin şəhid ailələrinə və əlillərə həssas münasibətinin növbəti təzahürüdür”
  • Clock-gray 12:53
  • calendar-gray 08 Dekabr 2020

“Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir”.

Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

Millət vəkili deyib ki, hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib: “Bu kateqoriyadan olan insanlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə - pensiya, müavinətlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb. Hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirib. Şəhidin vərəsələrinə sığorta ödənişi - 11 min manat verilir, müharibə əlillərinə sığorta ödənişi - I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir. Eyni zamanda əmək stajından asılı olaraq pensiya və ya müavinət (orta məbləğ 400 manat), onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat), Prezidentin aylıq təqaüdü (210-300) ödənilir. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur, protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. O cümlədən sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunur, aktiv məşğulluq proqramlarında - özünüməşğulluq, ödənişli ictimai işlər və s.-də onlara üstünlük verilir. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün - həm dövlət, həm də özəl - məcburi kvota müəyyən edilib. Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəşt nəzərdə tutulub. Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox  avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır”.

C. Osmanov qeyd edib ki, bununla yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər: “Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Məhz bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman  imzalayıb. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərəcək.

Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin  edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılır. Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək. Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür. Bu Fərman Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarın təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur. Prezident bununla bir daha təsdiq etdi ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək. Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edir”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər