Məktəbəqədər təhsil müəssisəsində 126 mindən çox uşaq tərbiyə alır

Məktəbəqədər təhsil müəssisəsində 126 mindən çox uşaq tərbiyə alır
  • Clock-gray 18:58
  • calendar-gray 21 Yanvar 2020

15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-si ali, orta ixtisas və orta təhsilə malikdir. İlkin məlumatlara əsasən, 2020-ci il yanvar ayının 1-i  vəziyyətinə ölkədə fəaliyyət göstərən 1679 dövlət və 124 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 126 mindən çox uşaq tərbiyə alır.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2019/2020-ci tədris ilinin əvvəlinə ölkənin 4400 dövlət və 33 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,6 milyon şagird təhsil alır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərir.  Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 17,0 faiz olub.

2019/2020-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 57,3 min nəfər olan 103 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib. Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 583 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 102,1 min nəfər şagird təhsil alır. 

2019-cu ildə əyani ümumi təhsil müəssisələrini bitirən 79,7 min nəfər məzundan 78,9 min nəfəri və ya 99,0 faizi tam orta təhsil haqqında attestat alıb. 2019/2020-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən  58 orta ixtisas təhsil müəssisəsində 56,0 min tələbə təhsil alıb, onların üçdə iki hissəsini qadınlar təşkil edib.

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə  də 27 elmi təşkilatda təhsil alanların sayı 187,7 min nəfər olub ki, onların da 48,8 faizini qadınlar təşkil edib.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date