“Mobil notariat”da yeni xidmətlər istifadəyə verilib

“Mobil notariat”da yeni xidmətlər istifadəyə verilib
# 16 mart 2021 12:27 (UTC +04:00)

“Bu gün “Mobil notariat” tətbiqi üzərindən banklarda təmsilçilik məqsədilə verilən etibarnamələrdən əlavə, yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələrin elektron qaydada videoyazı vasitəsilə rəsmiləşdirilməsi imkanları da yaradılıb”.

APA-nın məlumatına görə, bunu “Bank sektoruna və vətəndaşlara yaradılan rəqəmsal imkanlar: mobil ədliyyə xidmətləri” mövzusunda onlayn brifinqdə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı Zaur Həsənov bildirib.

Onun sözlərinə görə, Mülki Məcəllənin 365-ci maddəsinə əsasən, etibarnaməyə xitam verilməsi həm etibarnamə verən şəxsin onu ləğv etməsi idi, həm də etibarnamə verilən şəxsin bundan imtina etməsidir: "Artıq hər iki ərizə nümunəsi “Mobil notariat”da tətbiq etmişik. Bu, həm “Mobil notariat”da, həm də əvvəlki illərdə kağız nüsxədə verilmiş etibarnamələrə şamil edilir. Vətəndaş istənilən etibarnaməni videoyazı vasitəsilə ləğv etdirə bilər”.

Z.Həsənov həmçinin bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yetkinlik yaşına çatmayan şəxslərin ölkəni tərk etməsinə dair valideynlərin verdiyi razılıq xidməti də artıq tətbiq vasitəsilə mümkün olur: “Bunu biz bir neçə ildir ki, oradakı köşk vasitəsilə icra edirdik. Artıq bu, “Mobil notariat” tətbiqində təqdim olunur. Yəni vətəndaş günün istənilən saatında, istənilən yerində mobil tətbiq vasitəsilə yetkinlik yaşına çatmayan şəxsin özü ilə getməsinə dair ərizələri rəsmiləşdirə bilər. Burada vacib bir məqam da budur ki, həmin rəsmiləşdirilmiş razılıq ərizələrini dərhal elektron formada sərhəd xidmətinə də ötürürük. Yəni vətəndaş sərhəd-keçid məntəqəsinə yaxınlaşdıqda artıq həmin razılıq ərizəsi barədə məlumat orada olur, heç bir kağız daşıyıcı aparmağa ehtiyac olmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR