Mülki aviasiyada risklərin idarəolunması qaydası açıqlanıb

Mülki aviasiyada risklərin idarəolunması qaydası açıqlanıb
# 17 fevral 2021 18:07 (UTC +04:00)

Azərbaycanda mülki aviasiyada risklərin idarəolunması qaydası açıqlanıb.

APA-nın məlumatına görə, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Qərara əsasən, mülki aviasiyanın müxtəlif sahələri üçün nəzərdə tutulan təhlükəsizlik sistemi layihələndirilən zaman risklərin idarəolunması üzrə risklərin idarəolunması üzrə müvafiq struktur bölmələr yaratmaq və vəzifələri bölüşdürmək; risklərin qiymətləndirilməsi metodikasını müəyyən etmək; mülki aviasiya sahəsində mühafizə edilən obyektləri vacibliyinə görə təsnifatlandırmaq və müxtəlif təhlükələrin reallaşması zamanı dəyə biləcək ziyanın qiymətləndirilməsini aparmaq; hava limanları və onun mühüm əhəmiyyətli obyektlərinin zəifliyinin qiymətləndirilməsini aparmaq; ehtimal edilən pozucu modelini müəyyənləşdirmək; qabaqlayıcı və əlavə əks-tədbirlər sistemini formalaşdırmaq; hesabatların hazırlanmasını və təqdim edilməsini təşkil etmək; nəzarət formalarını müəyyən etmək və müntəzəm olaraq monitorinq aparmaq tədbirləri yerinə yetirilməlidir.

Risklərin idarəolunması üzrə tədbirlərin dayanıqlı, dəqiq və tam olmasına zəmanət vermək üçün, risklərin qiymətləndirilməsi müntəzəm olaraq keçirilməlidir. Risklərin müəyyən edilməsi, aviasiya subyektlərinə uyğun tədbirlərin seçilməsinə və hər bir risk faktorunun qarşısının alınmasına yönəlmiş ünvanlı və məqsədyönlü fəaliyyətin həyata keçirilməsinə imkan verir.

Dövlət Təhlükəsizliyi Xidməti mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə təhlükəsi barədə qabaqlayıcı məlumatları toplayır, onları qiymətləndirir və təhlil edir, həmin təhlükənin səbəblərini və buna şərait yaradan amilləri aradan qaldırmaq məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) təkliflər verir.

Aviasiya Agentliyi mülki aviasiyanın təhlükəsizliyinə təhdid olan faktorların aşkarlanmasını, təhlilini və proqnozlaşdırılmasını aparır və bu təhdidlərin qabaqlanmasına, qarşısının alınmasına dair tədbirlər hazırlayır, habelə həyata keçirilməsi barədə “Azərbaycan Hava Yolları” QSC-yə göstərişlər və təkliflər verir.

“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölmələri, Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyası və digər aviasiya subyektləri mülki aviasiya sahəsinə aid olan təhdidlərin qiymətləndirilməsini aparır, risklərin idarəolunması üzrə tədbirləri hazırlayır və bunların əsasında hər bir hava limanında görüləcək əlavə təhlükəszilik tədbirləri barədə göstərişlər və təkliflər verir.

Hava gəmilərinin istismarçıları və aviasiya subyektləri öz səlahiyyətləri daxilində təhdidlərin qiymətləndirilməsini aparır, risklərin idarə olunması üzrə tədbirləri hazırlayır və onların tətbiqi üçün hava limanlarının rəhbərliyinə və ya “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edir.

Risklərin qiymətləndirilməsi təhlükəsizlik sisteminin layihələndirmə prosesinin ilkin mərhələsidir. Risklərin qiymətləndirməsinin məqsədi obyektin məruz qaldığı potensial təhdidlərin, müdafiəsizliyin və onların mühüm əhəmiyyətli obyektlərə və əməliyyatlara təsirinin müəyyənləşdirilməsindən və qiymətləndirilməsindən ibarətdir.

Riskin səviyyəsinin qiymətləndirilməsi təhlükəsizlik sisteminin real vəziyyəti və imkanlarının təhdidin səviyyəsi ilə mütənasibliyini müəyyən etməyə imkan verir. Aviasiya təhlükəsizliyi təmini səviyyəsi nə qədər yüksəkdirsə, riskin səviyyəsi də bir o qədər aşağıdır və əksinə, yəni aviasiya təhlükəsizliyinin təmini səviyyəsi ilə riskin səviyyəsi tərs mütənasibdir.

Mülki hava limanlarının mühüm obyektlərinin müdafiəsi o zaman səmərəli olur ki, mütəxəssislər tərəfindən risklərin qiymətləndirilməsinin kəmiyyət göstəriciləri məqbul hesab edilən risk dərəcəsinin kəmiyyət göstəricilərindən yüksək olur.

Mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktının həyata keçirilməsi təhdidi daxili və xarici faktorlardan asılı olduğu üçün, risklərin idarəolunması aviasiya təhlükəsizliyinin təmini səviyyəsinin yüksəldilməsi və obyektlərin təhlükəsizliyinin gücləndirilməsi yolu ilə həyata keçirilir.

Risklərin qiymətləndirilməsi prosesi özündə əsasən üç elementi ehtiva edir - mümkün təhdid modellərinin, onların reallaşması ehtimalının və nəticələrinin əsaslı təhlili; riskin azaldılması istiqamətində həyata keçirilən tədbirləri və zəiflik əmsalı nəzərə alınmaqla qalıq risklərin qiymətləndirilməsi; gələcək fəaliyyət üçün risklərin qiymətləndirilməsi və minimuma endirilməsi üzrə tövsiyələr.

Risklərin qiymətləndirilməsinin əsas tərkib hissələri bunlardır - təhdid modelləri - mümkün qanunsuz müdaxilə aktlarının ssenarilərinin müəyyən edilməsi və təsviri. Buraya daxildir: a) hücumların obyekti (məsələn, sərnişin terminalı, infrastruktur obyektləri və ya hava gəmisi), b) hücumun növləri və üsulları (məsələn, əldəqayırma partlayıcı qurğu), c) mümkün icraçılar (sərnişinlər, xidməti personal və hava limanında olan kənar şəxslər); hücum ehtimalı - mövcud təhlükəsizlik tədbirləri nəzərə alınmadan, terrorçuların və ya cinayətkarların niyyət və imkanlarının qiymətləndirilməsi əsasında, belə hücumların ehtimalı və onların həyata keçirilməsi imkanı; nəticələr - ən faciəvi ssenari üzrə cərəyan edən konkret terror aktının, hücumun iqtisadi, siyasi, ekoloji, humanitar, psixoloji neqativ nəticələrinin xarakteri və miqyası; təhlükənin səviyyəsinin aşağı salınması üzrə tədbirlər – mümkün təhdidlərin ehtimalının aşağı salınmasına və onun həyata keçirilməsi zamanı nəticələrin minimuma endirilməsinə səbəb olan milli səviyyədə qəbul edilmiş normalar və istismar prosedurları. Bununla belə, onu da nəzərə almaq lazımdır ki, heç bir təhlükə tam olaraq istisna edilə bilməz; qalıq zəiflik – təhlükənin minimallaşdırılması üzrə həyata keçirilən tədbirlər nəzərə alındıqdan sonra qalan zəiflik səviyyəsi; qalıq risk – təhlükənin ehtimalı və mümkün nəticələr nəzərə alınmaqla, riskin azaldılması üzrə bütün tədbirlər həyata keçirildikdən sonra riskin ümumi səviyyəsi; təhlükənin səviyyəsinin aşağı salınması üzrə mümkün olan əlavə tədbirlər – zərurət olduqda qalıq risklərin daha da minimallaşdırılması üçün aviasiya subyektləri tərəfindən həyata keçirilən tədbirlər.

Bu Metodikada konkret növ qanunsuz müdaxilə aktı riskinin qiymətləndirilməsi əsasında həmin növ qanunsuz müdaxilə aktının baş vermə ehtimalının və onun nəticələrinin ağırlıq dərəcəsinin ədədi qiymətləri 5 ballıq şkala ilə, zəifliyin ədədi qiymətləri isə 3 ballıq şkala ilə müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR