Musa Quliyev: “Belə yanaşma qeyri-ciddidir, COVAX-a olan etibarı heçə endirir”

Musa Quliyev: “Belə yanaşma qeyri-ciddidir, COVAX-a olan etibarı heçə endirir”
  • Clock-gray 19:15
  • calendar-gray 24 Mart 2021

Tibb elmləri namizədi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin APA-ya müsahibəsi

 - Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə istiqamətində atılan addımları necə dəyərləndirirsiniz?

- COVID-19 pandemiyası 1 ildən artıqdır ki, dünyanı narahat edən ən ciddi məsələdir. Hər bir ölkə də pandemiya ilə mübarizə sahəsində öz strategiyasını hazırlayır, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında mübarizə aparır. COVID-19-la ən uğurla mübarizə aparan ölkələrdən biri Azərbaycandır. Prezident İlham Əliyevin hələ keçən il martın 19-da verdiyi sərəncam əsasında COVID-19-la mübarizə üçün Azərbaycan hökuməti bütün qüvvələri səfərbər etdi və əsasən 4 istiqamətdə mübarizə aparılmağa başlandı. Bura səhiyyə, tibb təminatı, sosial müdafiə və məşğulluq təminatı, sahibkarlara dəstək, iqtisadiyyatın qorunması və qlobal səviyyədə pandemiya ilə mübarizə, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsi daxildir.

 Pandemiya ilə mübarizə üçün dövlət büdcəsindən 5 milyard manatdan artıq vəsait xərcləndi. 3 milyard manat iqtisadiyyatın qorunması və sosial təminata, 2 milyard manat səhiyyə sisteminin COVID-19-la mübarizəyə uyğunlaşdırılmasına xərcləndi.   

- Azərbaycan Prezidentinin beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsləri qlobal səviyyədə pandemiya ilə mübarizəyə hansı töhfələri verir?

- Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərib. ÜST-lə əməkdaşlıq çərçivəsində iki dəfə hər dəfə 5 milyon dollar olmaqla, COVID-19-la mübarizədə kasıb ölkələrə dəstək məqsədi ilə ÜST-ə 10 milyon manat ianə edilib. Eyni zamanda Azərbaycan COVID-19-la beynəlxalq səviyyədə mübarizə aparılması, bütün güclərin birləşdirilməsi ilə bağlı da öndə gedən ölkələrdən biridir. Prezident İlham Əliyev Türk Şurasının sədri, həm də Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərlə çıxış edib və onun sədrliyi ilə keçən il bu iki qurumun COVID-19-la mübarizəyə həsr olunmuş videokonfrans formatında Zirvə görüşləri keçirilib. Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının Zirvə görüşündə BMT-yə müraciət də qəbul olunub. Bu müraciət əsasında BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiyası da keçirilib. Keçən il 3-4 dekabr tarixində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxış edən azsaylı dövlət və hökumət başçısından biri məhz Prezident İlham Əliyev idi. Dövlət başçısı bir daha bütün dünyanı gücləri səfərbər etməyə və COVID-19-la mübarizədə ədalətli siyasət yürütməyə çağırdı. 

- Bu aspektdə COVAX platformasının yaradılması nə dərəcədə zəruri idi?

-  Ötən ilin yay aylarından başlayaraq COVAX təşəbbüsü irəli sürülüb. ÜST və digər təşkilatlar tərəfindən irəli sürülən bu təşəbbüsdə məqsəd COVID-19-a qarşı kəşf ediləcək vaksinlərin ədalətli bölgüsünü təmin etməklə bağlı idi. Qısa müddətdə dünyanın 100-dən çox ölkəsi bu təşəbbüsə qoşuldu.

Öncə də qeyd etdiyim kimi, ötən il COVID-19 pandemiyası başladıqdan sonra Azərbaycan onunla mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub və bu istiqamətdə bir sıra dəyərli təşəbbüslərlə çıxış edib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçən ilin dekabrında uğurla keçirilib və beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verib.

Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub.

Ümumiyyətlə Azərbaycan Prezidenti öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb və bu istiqamətdə birgə səylərin önəmini qeyd edib. Prezident qeyd etmişdir ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşəcək.

Məhz bu çıxışlardan sonra ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülüb və 2021-ci il 23 mart tarixində qəbul edilib.

- COVAX platforması özünü nə dərəcədə doğruldur?

- ÜST-ün çağırışı ondan ibarət idi ki, COVID-19-a qarşı vaksin inkişaf səviyyəsindən, dini mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrə münasibətdə ədalətli bölüşdürülsün.  Çox təəssüflər olsun ki, COVAX üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilmədi, yaxud yerinə yetirmədi. İndiyə qədər də çox ədalətsiz bir bölgü prinsipi həyata keçirilir. Demək olar ki, orta və aşağı gəlirli ölkələrə ikinci dərəcəli bir münasibət var və bu münasibət açıq-aydın hiss olunur. Yuxarı gəlirli, inkişaf etmiş ölkələrə isə tamam başqa bir münasibət var. Azərbaycan Prezidenti də son çıxışlarının birində bunu qeyd etdi. Ümumiyyətlə, Prezident İlham Əliyev müsahibələrində bunu bir neçə dəfə vurğulayıb. Son müsahibələrinin birində də Kanadanın timsalında bəyan etdi ki, bu cür ədalətsiz yanaşma doğru deyil, ÜST-ü, BMT-ni nüfuzdan salan bir yanaşmadır. Çünki Kanada 30 milyondan bir qədər çox əhalisi olduğu halda 150 milyon doza qədər vaksin sifariş edib, pulunu da öncədən ödəyib. Vaksin istehsal edən şirkətlərin birbaşa danışıqlara getməsi və “kim daha çox pul verir” prinsipi ilə hərəkət etməsi dünyada ədaləti pozan bir addımdır. Baxmayaraq ki, COVAX-ın yaradılmasında da məqsəd vaksinlərin dünya ölkələri arasında bərabər və ədaləti bölgüsü idi. Ancaq COVAX ikili standartlara yol verir və hələ də bəzi ölkələr, o cümlədən Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.

- COVAX çərçivəsində vaksinlərin ilk partiyası Azərbaycana nə zaman təqdim edilməli idi?

- Əslində COVAX çərçivəsində bu ilin birinci rübündə Azərbaycana vaksinlərin ilk partiyası təqdim edilməli idi. COVAX Azərbaycan tərəfinə bildirib ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq, hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Maraqlıdır ki, COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb. Əlbəttə belə yanaşma qeyri-ciddidir və nəticədə COVAX-a olan etibarı heçə endirir. Sanki vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verilir. Bu qəbuledilməzdir. Belə ki, bir tərəfdə pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım edən Azərbaycan var, digər tərəfdən isə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən və sözlərini yerinə yetirməyən COVAX var.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, alternativliyin hər zaman gözlənilməsi, diferensial yanaşmanın olması Azərbaycanın COVAX-dan asılılıqdan qurtarıb. Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib, proses davam edir. Gələcəkdə Rusiyadan da vaksin tədarükü təmin olunacaq.

Artıq ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olub.

Beləliklə, Azərbaycanın COVAX-a ilk qoşulan dövlətlərdən biri olması, həmçinin Çindən vaksinin vaxtında tədarükü ölkəmizin öz vətəndaşının qayğısına qalmağının bariz nümunəsidir. Ancaq hazırkı reallıqda ortaya bir suual çıxır ki, vaksinlərin ədalətli bölgüsünü təmin edə bilməyən COVAX nəyə lazımdır? Bu baxımdan bir daha Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı irəli sürülən qətnamənin dünən BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilməsini xüsusi qeyd etmək lazımdır. Bu da Azərbaycanın artıq region deyil, dünya dövləti, Azərbaycan Prezidentinin də bir dünya lideri kimi çıxış etdiyini, dünyada haqq və ədalətin bərpa olunmasına öz töhfəsini verdiyini bir daha ortaya qoyur. Bu, həm də Azərbaycanın və Prezident İlham Əliyevin nüfuzunu göstərir.

İnanmaq istəyirəm ki, COVAX da bundan sonra daha ədalətli yanaşma ortaya qoyacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər