Müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi proseduru müəyyənləşib

Müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi proseduru müəyyənləşib
# 30 dekabr 2020 19:33 (UTC +04:00)

Nazirlər Kabineti “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən, xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əmlak (qanuni sahibinə qaytarılmalı olan əmlak istisna olmaqla) üzərində dövlətin mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsasdır.

Bu Qayda gömrük sahəsində cinayət işləri üzrə məhkə- mənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsinə və vergi sahəsində cinayət işləri üzrə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışının təşkilinə şamil edilmir. Xüsusi müsadirə edilmiş əmlak barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra 5 gün ərzində onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini müvafiq ərazi üzrə icra məmuruna (icra qurumuna) göndərir və bu barədə Maliyyə Nazirliyinə məlumat verir. Xüsusi müsadirə edilmiş əmlak daşınmaz əmlak olduqda, daşınmaz əmlakın dövlət reyestrindən və ya dövlət torpaq kadastrından çıxarılmış müvafiq sənədlər də icra məmuruna (icra qurumuna) göndərilir. İcra məmuru məhkəmənin yekun qərarının surətini, qərarın icrası barədə göstərişi aldıqdan sonra dərhal əmlak siyahısında göstərilən əmlakın mövcudluğunu yoxlayır. İcra məmuru daşınar əmlakın ölkə sərhədlərindən kənara çıxarıldığını müəyyən etdikdə, müvafiq məhkəməyə dərhal məlumat verməlidir. Xüsusi müsadirə edilən daşınar əmlak plomblanır və ya möhürlənir və bu barədə əmlak siyahısında qeydlər edilir. Daşınar əmlakın tamlığını təmin etmək üçün icra məmuru saxlanc müqaviləsi əsasında onu müvəqqəti saxlanca verir. Xüsusi müsadirə edilmiş daşınmaz əmlaka icra məmuru tərəfindən baxış keçirilir və onun tamlığı müəyyən edildikdən sonra giriş qapıları möhürlənir. Daşınmaz əmlakda yaşayış olduqda (yaşayış sahəsinə münasi bətdə) sakinlərin çıxarılması təmin edilir.

Qaydada qeyd olunan hərəkətlər edildikdən sonra icra məmuru qəbul etdiyi qərar əsasında 5 iş günü müddətində qiymətləndiricinin dəvət olunması ilə bağlı tədbirlər görür. Əmlakın qiymətləndirilməsinin keçirilməsi ilə bağlı xərclər, o cümlədən ekspertin əməyi (dəyəri 5000 manatdan yüksək olan əmlakın qiymətinin 1 faizindən çox olmamaqla) cinayət törətmiş şəxsin hesabına, bu mümkün olmadıqda isə xüsusi müsadirə edilmiş digər əmlakların satışından əldə edilən vəsaitlər hesabına ödənilir. İcra məmuru xüsusi müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatı və bu Qaydada göstərilən sənədləri Maliyyə Nazirliyinə təqdim edir. Maliyyə Nazirliyi tərəfindən həmin əmlakın aidiyyəti üzrə təhvil götürülməsi barədə məktub aidiyyəti təşkilatlara göndərilir. Xüsusi müsadirə edilməli əmlakın təhvil verilməsi tarixi icra məmuru tərəfindən Maliyyə Nazirliyinin yerli maliyyə orqanının və əmlakı təhvil alan aidiyyəti təşkilatın nümayəndələri ilə razılaşdırılır. Xüsusi müsadirə edilməli əmlak saxlanıldığı yerdə icra məmuru tərəfindən Maliyyə Nazirliyinin yerli maliyyə orqanına, Maliyyə Nazirliyinin yerli maliyyə orqanı tərəfindən isə dərhal aidiyyəti təşkilatlara təyinatı üzrə “Qəbul-təhvil aktı” və “Qaimə- faktura” əsasında təhvil verilir. Əmlakın təhvil verilməsi icra məmurunun, Maliyyə Nazirliyinin yerli maliyyə orqanının, saxlayıcının və əmlakı təhvil alan aidiyyəti təşkilatın nümayəndələrinin iştirakı ilə tərtib edilən “Xüsusi müsadirə edilmiş əmlakın qəbul-təhvil aktı” ilə rəsmiləşdirilir. Xüsusi müsadirə edilmiş əmlakın satış məqsədilə təhvil verilməsi halları istisna olmaqla, daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlakları təhvil alan təşkilatların hesabına və müraciəti əsasında onlar üzərində hüquqlar müvafiq qeydiyyat orqanları tərəfindən qeydiyyata alınır. Xüsusi müsadirə edilmiş dövlət mülkiyyətinə keçən qiymətləndirilmiş əmlakın bu Qaydada göstərilmiş qaydada təhvil verilməsi mümkün olmadıqa, həmin əmlakın təhvil verilməsi prosesi 10 gün müddətinə təxirə salınır.

Xüsusi müsadirə edilmiş əmlak aşağıdakı tələblərə uyğun olaraq aidiyyəti üzrə təhvil verilir:

- tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, habelə dövlət əhəmiyyətli orden və medallar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada xüsusi ekspertizadan keçirildikdən sonra əvəzsiz olaraq dövlət muzeylərinə, kitabxanalarına, arxivlərinə, elmi və digər təşkilatlara verilir;

- milli və xarici valyutada olan pul vəsaitləri Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankdakı hesabına mədaxil olunur;

- dini təyinatlı əşyalar (bu Qaydada göstərilənlər, habelə xam və emal edilmiş vəziyyətdə olan hər cür qiymətli metallar, qiymətli və yarımqiymətli daşlar və onlardan hazırlanmış bütün növ məmulatlar istisna olmaqla) əvəzsiz olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir;

- dərman vasitələri əvəzsiz olaraq Səhiyyə Nazirliyinə verilir;

- mobil telefon nömrələri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilir;

- qanunvericiliklə dövriyyəsi qadağan edilən əmlak onun üzərində sərəncamvermə səlahiyyəti olan orqanlara təhvil verilir;

- qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, onun dövriyyəsinə icazə verən orqanlara təhvil verilir;

- Yuxarıda qeyd olunmayan xüsusi müsadirə edilmiş əmlakların satışı isə Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac yolu ilə həyata keçirilir. Bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Əmlak satışa qiymətləndirmənin nəticələrinə dair hesabatda göstərilən qiymətdə çıxarılır. Xüsusi müsadirə edilmiş əmlakın satışı üzrə keçirilən ilk iki hərracda əmlak satılmadıqda, üçüncü hərracda həmin əmlakın qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin qiymətinin 50 faizi həcmində aşağı salınır. Satılmayan əmlaklar üzrə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq dövlət orqanlarına (qurumlarına) onların əvəzsiz verilməsi barədə müraciət olunur. Dövlət orqanlarının (qurumlarının) tələbatına əsasən, həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət orqanları (qurumları) tərəfindən əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda, belə əmlakların emalı və ya təkrar emalı ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə bu Qayda ilə müəyyən edilmiş ən aşağı qiymətin 50 faizindən az olmayan qiymətə satılır. Əmlak Məsələləri Dövlət Xidməti malların satışından əldə edilmiş vəsaiti dövlət büdcəsinə köçürməlidir. Əmlak satılmadığı hallarda, onların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə əvəzsiz verilməsini həyata keçirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilir. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Əmlakların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə verilməsinə dair tələbat olmadığı hallarda onlar bu Qaydada nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir. Hərracda satılmayan, habelə bu Qaydaya uyğun olaraq müvafiq dövlət orqanları və aztəminatlı ailələr, o cümlədən qaçqınlar və məcburi köçkünlər tərəfindən əvəzsiz olaraq əldə edilməsinə dair tələb olmayan əmlakın məhv edilməsi və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti aşağıdakı təşkilatların nümayəndələrindən ibarət komissiya təşkil edir:

- Əmlak Məsələləri Dövlət Xidməti;

- Maliyyə Nazirliyi;

- Ədliyyə Nazirliyi;

- Baş Prokurorluq.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xüsusi müsadirə edilmiş əmlakın satışından əldə edilən vəsait həmin əmlakın saxlanılması, satışı xərcləri və qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür və bu barədə Maliyyə Nazirliyinə məlumat verilir. Məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əsasında xüsusi müsadirə edilməklə dövlət mülkiyyətinə keçirilmiş əmlakın, habelə həmin əmlakın satışından əldə edilmiş pul vəsaitinin bir hissəsinin cinayət işləri üzrə ibtidai istintaq aparmış hüquq mühafizə orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR