NK bakalavriat səviyyəsində yeni ixtisasın yaradılmasına aydınlıq gətirib

NK bakalavriat səviyyəsində yeni ixtisasın yaradılmasına aydınlıq gətirib
# 31 mart 2021 14:30 (UTC +04:00)

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların Təsnifatı”na yeni “Kommunikasiya və rəqəmsal media” ixtisası əlavə olunmasının səbəblərini açıqlayıb.

APA-nın məlumatına görə, izahda bildirilib ki, müasir dövrdə dövlət, ictimai və özəl qurumlar tərəfindən aparılan işlərin səmərəliliyi müxtəlif faktorlarla yanaşı, eyni zamanda, qurumun məqsədləri və nəticələri haqqında məlumatların düzgün çatdırılmasından, tərəfdaşlarla ünsiyyətin qurulmasından asılıdır.

Kommunikasiya və rəqəmsal media bilikləri kiçik, orta və böyük müəssisələrin artan ehtiyacları üçün də əhəmiyyət daşıyır. Bu müəssisələr getdikcə böyüyən bazarlara, müştərilərə, təchizatçılara və şəbəkələrə çatmaq üçün təşkilatlanmış kommunikasiya strategiyası və mütəxəssislərindən istifadə edirlər. Ölkəmizin və regionun iqtisadi inkişafı da bu sahənin mütəxəssislərinə tələbi artırır.

Kommunikasiya və rəqəmsal media üzrə bakalavr ixtisası bu sahədə nəzəriyyələrə əsaslanaraq təcrübi biliklərə yönəlmiş bir akademik proqramdır. İxtisasın tədris proqramı düzgün kommunikasiya strategiyasının qurulması və həyata keçirilməsi, xüsusilə də bu zaman rəqəmsal medianın imkanlarından istifadə olunması ilə bağlı ətraflı bilik və bacarıqlar verir. Bununla yanaşı, bu ixtisasın məzunları mövcud məlumatları toplamaq, verilmiş mövzunu araşdırmaq, təhlil etmək və nəticə çıxarmaq kimi bacarıqlar əldə edəcəklər. İxtisasın verdiyi bilik və bacarıqlara müvafiq kommunikasiya mesajlarının müxtəlif auditoriyalar üçün uyğunlaşdırılması, dəyişkən mühitdə və komanda ilə işləmək bacarıqları, ətraf icmalar və yeni partnyorlarla işgüzar əlaqələrin qurulması bacarıqları da daxildir.

Qeyd olunanları nəzərə alaraq, Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na yeni “Kommunikasiya və rəqəmsal media” ixtisası əlavə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR