Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə işə qəbul qaydaları təsdiqlənib

Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə işə qəbul qaydaları təsdiqlənib
# 27 fevral 2021 11:29 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları təsdiq edilib.

APA-nım məlumatına görə, Qaydalar ali və orta ixtisas təhsilli şəxslərin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin (muzeylər, kitabxanalar, mədəniyyət sarayları, evləri və klublar, rəsm qalereyası, dövlət qoruqları və muzey tipli müəssisələr, tədris və elmi-metodik müəssisələr, kino, dövlət teatr və konsert müəssisələri) mütəxəssis vəzifələrinə (texniki vəzifələr istisna olmaqla), habelə musiqi təhsili müəssisələrinin inzibati vəzifələrinə işə qəbulunun aparılması məsələlərini tənzimləyir.

Mədəniyyət müəssisələrinə işə qəbulun aparılması Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqə uyğun vakansiya yarandıqda Nazirliklə birlikdə Mərkəz tərəfindən elan edilir.

Müəssisələrdə yaranan vakant yerlər haqqında məlumatı müəssisə rəhbərliyi tabelik üzrə rayon (şəhər) mədəniyyət şöbəsinə, mədəniyyət şöbəsinin rəhbərliyi və bilavasitə Nazirliyə tabe olan mədəniyyət müəssisələri isə Nazirliyə təqdim edir. Bu məlumatların düzgünlüyü Nazirliyin müvafiq struktur bölməsi tərəfindən yoxlanılır. Müəssisədə hər hansı ştat üzrə uyğun ixtisaslı kadr olmadıqda, həmin yer vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir. Sosial məzuniyyət yeri vakansiya hesab olunmur.

Müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Mərkəz tərəfindən ləğv olunur və bu barədə 3 iş günü müddətində onlara rəsmi məlumat verilir. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Mərkəzə təqdim etməlidirlər.

Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. Test tapşırıqlarının 50 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir. Test imtahanının nəticələri dərhal Mərkəzin internet portalında yerləşdirilir və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilir. Test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı vakant vəzifələr üzrə müsahibənin aparılması üçün test imtahanı başa çatdıqdan sonra 3 iş günü ərzində Nazirliyə göndərilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.

Test imtahanının nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra 1 həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir. Keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılır.

Müsahibə mərhələsi qabiliyyət tələb olunan ixtisaslar üzrə vəzifələri tutmaq istəyən namizədlər üçün keçirilir. Müsahibə mərhələsində namizədin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılır. Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır. Müsahibənin nəticələri balla qiymətləndirilir.

Müsahibə komissiyasının üzvlərinin namizəd barəsində verdiyi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə və yeni müsahibə komissiyası yaradıla bilər. Müsahibənin nəticəsi barədə arayış namizədə müsahibənin keçirildiyi gündən 2 iş günü müddətində verilir. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri Nazirliyə təqdim olunur.

Müsahibə nəticələri eyni olduqda test imtahanında daha çox bal toplamış şəxs vəzifəyə təyin olunur. Ali və orta ixtisas təhsilli namizədlər tərəfindən test imtahanında eyni bal toplandıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir.

Müsahibənin nəticəsi ilə razı olmayan namizədin apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 həftə müddətində Mərkəzin səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Nazirlikdə baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar 3 iş günü müddətində namizədə verilir. Namizəd bu qərardan qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR