Naxçıvanda yeni arı növü aşkarlanıb

Naxçıvanda yeni arı növü aşkarlanıb
# 11 yanvar 2021 17:15 (UTC +04:00)

Naxçıvan faunasında dünya elmi üçün yeni arı növü aşkarlanıb.

AMEA-dan APA-ya bildirilib ki, Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsi Biomüxtəliflik Elmi Mərkəzinin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Maksim Yuryeviç Proşalıki və azərbaycanlı alimlərlə birlikdə çoxsaylı elmi ekspedisiyalar nəticəsində Naxçıvanın Darıdağ və Sirab ərazisindən yeni arı növü - Hoplisoides flavescens (Sarımtıl hoplisoides) dünya elmi üçün ilk dəfə qeyd edilib.

Qazıcı arı cinsi olan Hoplisoides Avstraliya istisna olmaqla dünyanın bütün zoocoğrafi vilayətlərində yayılıb. Cinsin Palearktikada 10, Oriental regionda 10, Afrotropikal regionda 17, Neotropikal regionda 28, Nearktikada 9, Neotropikal-Nearktikada 8 növü olmaqla, dünyada cəmi 82 növü yayılıb. Adıçəkilən arı cinsinin növləri torpaqda, xüsusilə çılpaq, qumlu torpaqda çoxhücrəli yuvalar qurur. Faydalı arı növləri kimi əsasən yarpaqyeyən böcəklərin sürfələrini ovlayıb, onların sayının bioloji tənzimlənməsində əhəmiyyətli rol oynayırlar.

Sarımtıl hoplisoides bütün Palearktik növlərdən mezosomanın qarın hissəsində sarı rəngin və əsasən sarı metasomal sternanın olması ilə fərqlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR