Nazir: “Azərbaycanda tədris planlarının 80-90 faizi 50 ildən çoxdur dəyişmir”

Nazir: “Azərbaycanda tədris planlarının 80-90 faizi 50 ildən çoxdur dəyişmir”
# 22 aprel 2021 17:19 (UTC +04:00)

“Azərbaycanda təhsil sahəsi bütün dünyada olduğu kimi ən ağrılı dəyişikliklərlə gedən, ən böyük müqavimətlərlə üzləşən islahatlarla zəngindir”.

APA-nın məlumatına görə, bunu Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, təhsil idarəedicilərinin ən böyük problemlərindən bunu ictimaiyyətlə düzgün kommunikasiya aparıb izah etməkdir: “Təhsil islahatı, xüsusilə də fundamental islahatlar kifayət qədər ağrılı prosesdir. Bu prosesi bir yerdə başa düşüb, addımbaaadım düzəltməliyik. Ölkədə təhsilin məzmunu ilə bağlı ən böyük problemlərimizdən biri budur ki, Azərbaycanın tədris planları 70-ci, bəlkə də ondan əvvəlki illərə aiddir. Azərbaycan tədris planlarında dəyişiklik yalnız texnikidir, məsələn, bir fənni bir saat azaldıb, bir saat artırmışıq və yalnız bir yeni fənn əlavə etmişik – informatika fənnini. Azərbaycanda tədris planlarının 80-90 faizi 50 ildən çoxdur ki, dəyişmir. Yəni, faktiki olaraq, mən, övladım və valideynlərim eyni tədris planları ilə təhsil almalıyıq. Bu, ümumilikdə yaxşı xəbər deyil”.

Nazir qeyd edib ki, bu, təhsil sistemimizin kifayət qədər ciddi həll olunası problemlərinin olduğunu göstərir: “Tədris planları və məzmununun əsaslı şəkildə dəyişikliklərə ehtiyacı var. Bu dəyişikliklərin ortasında müqəddəsləşdirdiyimiz fənlərdən nəhayət ki, məzmun və səriştəyə əsaslanan dərsə keçidimizi zaman-zaman müzakirə edirik. Amma təbii ki, bu müzakirələrdən əməli fəaliyyətə keçiddə istər ictimaiyyət, istər məktəblər, istərsə də müəllimlərlə əsaslı müqavimətlə üz-üzə qalırıq.

Çox sadə sual düşünməliyik ki, ayrı-ayrı fənlər səriştələrin formalaşmasına necə xidmət edir. Bunların hər birinin ölçülə bilən formata gəlməsi düşünürəm ki, mümkündür. Biz sinfə girib triqonometrik bərabərsizliyi keçəndə sinfin 90 faizi bunu başa düşməyəndə bu, nə Azərbaycan təhsili, nə Azərbaycan vətəndaşı, nə təhsilalanı üçün əlavə dəyər yaratmır. Bu, tədris, məzmun baxımından olduqca vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR