Nazir: “Birdəfəlik ödəmə üzrə indiyədək 280 milyon manat vəsait xərclənib”

Nazir: “Birdəfəlik ödəmə üzrə indiyədək 280 milyon manat vəsait xərclənib”
# 06 avqust 2020 17:39 (UTC +04:00)

“Möhtərəm cənab Prezident, məruzə edirəm ki, Sizin tapşırığınıza müvafiq olaraq, Azərbaycanda pandemiyaya qarşı mübarizə, onun mənfi fəsadlarının aradan qaldırılması üçün geniş tədbirlər planı təsdiq olunmuşdu və bu tədbirlər planının ən əhatəli bölmələrindən biri də məhz məşğulluğa və sosial rifaha dəstək tədbirləri idi. Bu, dörd istiqamət olmaqla 12 tədbiri əhatə edirdi”.

APA-nın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, burada həm məşğulluq, həm sosial müdafiə, həm də sosial təminat məsələləri öz əksini tapıb.

“Siz vurğuladınız ki, demək olar, əhalinin yarısını, beş milyon insanı əhatə edən tədbirlər planı icra olunmaqdadır. Tədbirlər planının birinci istiqaməti əmək müqaviləsi ilə işləyən insanların məşğulluğunun qorunması və onun təmin edilməsi idi. Sizin dediyiniz kimi, həm dövlət, həm də özəl sektorda 1 milyon 660 min insanın məşğulluğu davam etdi. Onların əməkhaqları, iş yerləri qorundu. Burada dövlətin təqdim etdiyi müxtəlif dəstək proqramları, eyni zamanda, inzibati tədbirlər və leqallaşma məsələləri də öz rolunu oynadı. Həm əməkhaqqı fondumuzda azalma olmadı, əksinə, artım oldu, həm də əmək müqaviləsi ilə işləyən insanların sayında azalma olmadı, artımlar oldu.

İkinci bir istiqamət isə, işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər idi. Bu istiqamətdə bir sıra silsilə tədbirlər həyata keçirildi. 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Sizin bugünkü tapşırığınıza uyğun olaraq, avqust ayı üzrə də 13 şəhər və rayonumuz üzrə bu ödənişlər çox sürətlə həyata keçiriləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənmişdir. Əhalimizin rifahına sosial dəstək baxımından, əlbəttə ki, çox önəmli bir rəqəmdir”, - deyə S. Babayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR