Nazir: “Hədəfimiz özünüməşğulluq proqramının 16 min ailəni əhatə etməsidir”

Nazir: “Hədəfimiz özünüməşğulluq proqramının 16 min ailəni əhatə etməsidir”
  • Clock-gray 13:08
  • calendar-gray 07 Yanvar 2021

“Məşğulluq proqramlarımız davamlı şəkildə icra olunub və məşğulluq mərkəzləri tərəfindən 1000 nəfər vətəndaşımız işlə təmin edilib, 12 min ailə isə özünüməşğulluğa cəlb olunub. Özünüməşğulluq proqramı İşdən Sığorta Fondu ilə yanaşı, BMT İnkişaf Proqramı, yerli banklarımız, Heydər Əliyev Fondunun dəstəyi ilə icra edilib”.

APA-nın məlumatına görə, bunu yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“2021-ci il üçün hədəfimiz, əlbəttə ki, Sizin tapşırıqlarınıza uyğun olaraq bu proqrama cəlb olunan ailələrin sayının artırılmasıdır və 16 min ailənin əhatə edilməsi planlaşdırılır. Haqqıödənilən ictimai işlər proqramı icra olunur və yaradılmış 38 min daimi iş yerindən 98 faizi işçilərlə təchiz edilib. Pandemiyanın fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər planına əsasən yaradılmış 50 min ikiaylıq müvəqqəti iş yerləri də 75 faiz komplektləşdirilib".

Nazir deyib ki, dövlət şirkətlərində yaradılan 26 min ictimai iş yerinin də DOST İş Mərkəzinə ötürülməsinə dair Prezidentin tapşırığı artıq icra olunur. S. Babayev qeyd edib ki, bu ildən ictimai iş yerləri də DOST İş Mərkəzi vasitəsilə təmin ediləcək: "Bütün bu proqramların şəffaflığının, ictimai açıqlığının təmin edilməsi üçün müvafiq elektron portal da yaradılıb. Həm özünüməşğulluq proqramı, həm də ictimai iş yerləri üzrə aktiv şəxs və ya işə cəlb edilən vətəndaşlar haqqında bütün məlumatlar ictimaiyyətə onlayn qaydada açıqlanır və hər kəsin istənilən məlumatı almaq imkanları var.

Cənab Prezident, Sizin tapşırığınızla pandemiya dövründə həssas təbəqədən olan insanlarımıza dəstək tədbirləri də icra olundu. 600 min işsiz, qeyri-formal işləyən şəxsə birdəfəlik ödəmə proqramı 190 manat məbləğində icra edildi. Bu məqsədlər üçün 450 milyon manat vəsait sərf olundu. Sosial tərəfdaşlarımızın dəstəyi ilə 110 min aztəminatlı ailəyə 3 dəfə ərzaq yardımları verildi. 65 yaşdan yuxarı və tənha yaşayan şəxslər daimi sosial xidmətə götürüldü və müxtəlif sosial xidmət müəssisələrində həssas kateqoriyadan olan insanlarımıza dəstək tədbirləri təqdim edildi. Bu proqramlar cari ildə də davamlı olaraq icra ediləcək. Həm sosial xidmət müəssisələrimizin, həm reabilitasiya mərkəzlərimizin şəbəkəsinin genişləndirilməsi ilə daha çox əhaliyə xidmət göstəriləcək. Məşğulluq proqramlarımız isə Sizin tapşırığınıza uyğun olaraq, ilk növbədə, prioritet əsasda həm işğaldan azad olunmuş ərazilərimizdə, həm də onlara yaxın regionlarımızda üstün şəkildə təmin ediləcək”.

Günay Elşadqızı

Digər xəbərlər