Nazir: "Sosial xidmət sistemində sosial reabilitasiya modelinə keçid işləri aparılır"

Nazir: "Sosial xidmət sistemində sosial reabilitasiya modelinə keçid işləri aparılır"
  • Clock-gray 13:11
  • calendar-gray 22 Dekabr 2020

"Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial xidmət infrastrukturu müasir tələblərə uyğun qurulmaqla, sosial xidmətlə təmin olunan kateqoriyaların əhatə dairəsi və buna uyğun olaraq sosial xidmət müəssisələri şəbəkəsi genişləndirilir. Başlıca islahat istiqaməti kimi, sosial xidmət sistemində tibbi modeldən sosial reabilitasiya modelinə keçid işləri də aparılır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, bunu nazir Sahil Babayev İşgəncələrin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib. 

Nazir Azərbaycanda sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsi əsasında inkişaf etdirilməsi, çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə dolğun əhatə olunması üçün aparılan işləri qeyd edib. Həmin şəxslərin bu xidmətlərə əlçatanlığının artırılmasının, sosial xidmət sahəsində müasir yanaşmaların tətbiqinin, ixtisaslı kadr potensialı formalaşdırılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırıb. 

O qeyd edib ki, ölkəmizdə çətin həyat şəraitində yaşayan şəxslər üçün çoxspektrli sosial xidmətlər sistemi qurulub. Bu sistem müvafiq kateqoriyalardan olan şəxslərin müdafiəsinə, sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmalarına yönəlib. Əsas məqsəd sosial xidmətlə əhatə olunan insanların həyatlarında olan çətinlikləri bu xidmətlər nəticəsində aradan qaldırmaq, onların rifahında ciddi müsbət dönüşə nail olmaqdır.

S.Babayev son illərdə yeni yaradılan sosial xidmət müəssisələri, sosial sifarişlər əsasında minlərlə şəxsin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduğu, bu sahədə layihələrin ildən-ilə genişləndiyi barədə məlumat verib. Sosial xidmət müəssisələrində 1000-dək vətəndaşın tam dövlət təminatında olduğunu qeyd edən nazir həmin vətəndaşlara həssas və qayğıkeş münasibət göstərilməsinin fəaliyyətdə əsas prinsip olduğunu diqqətə çatdırıb. Onların pandemiyadan qorunması üçün aparılan işləri, pandemiya dövründə 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxsə evlərində gündəlik sosial xidmətlər göstərildiyini deyib. Sosial xidmət müəssisələrində müasir yaşayış və reabilitasiya şəraitinin yaradıldığını,  yaxın günlərdə  daha bir sosial xidmət müəssisənin də əsaslı təmir və yenidənqurmadan sonra açılacağını deyib.

İşgəncələrin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri və nümayəndə heyətinin rəhbəri Mikola Qnatovskiy Azərbaycanda  sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraut yaradılmasının, ölkədə bu sahənin inkişafı üçün aparılan işlərin təqdirəlayiq olduğunu bildirib.  

Görüşdə vətəndaşların keyfiyyətli sosial xidmətlərlə təmin edilməsi sahəsində Nazirlik tərəfindən görülən işlər, nümayəndə heyətinin ölkəmizə səfərinin, 1 saylı Psixonevroloji  Sosial  Xidmət müəssisəsində apardığı monitorinqin nəticələri, sosial xidmət müəssisələrində göstərilən xidmətlərlə bağlı fikir mübadilələri aparılıb. 

Günay Elşadqızı

Digər xəbərlər