Nazir müavini: “İşğaldan azad olunmuş ərazilərdə ədliyyə orqanları və məhkəmələrin işi bərpa olunmalıdır”

Nazir müavini: “İşğaldan azad olunmuş ərazilərdə ədliyyə orqanları və məhkəmələrin işi bərpa olunmalıdır”
# 03 fevral 2021 12:22 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə digər təsisatlar kimi, ədliyyə orqanları və məhkəmələrin də işi bərpa olunmalıdır. Əlbəttə ki, bu mühüm hadisəni layihənin icrasının gedişində nəzərə almalı olacağıq”.

APA-nın məlumatına görə, bunu "Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsinin açılış mərasimində çıxış edən Ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə birgə səmərəli əməkdaşlıq tərəfdaşlıq haqqında çərçivə sənədlərinin fəaliyyət planlarına əsaslanır: “Son 10-11 il ərzində bu, birgə həyata keçirilən 13-cü layihədir. Səylərimiz əsasən Məhkəmə-Hüquq Şurasının, məhkəmələrin, regional ədliyyə idarələrinin, Ədliyyə Akademiyasının və Penitensiar Xidmətin potensialının yüksəldilməsinə, regional ədliyyənin inkişafına, Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqinə, məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, korrupsiyanın və çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəlib. Hazırkı da daxil olmaqla bu layihələrin dördü mübahisələrin alternativ həlli məsələləri ilə bağlıdır. Birgə fəaliyyətimizin bir hissəsi dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında" fərmanının icrası dövrünə düşür. Təqdimatını keçirdiyimiz layihənin də əsas hədəfləri təsadüfi seçilməyib. İnkişafına dəstək verilməsi nəzərdə tutulan kommersiya və inzibati məhkəmələr məhz həmin fərmandan irəli gələn məsələlərin həlli çərçivəsində çox ciddi hazırlıq aparıldıqdan sonra yaranıb. Bu məhkəmələr daha dərin hüquqi biliyə malik təcrübəli hakimlər hesabına formalaşdırılıb. Onların qarşıda duran gözləntiləri həll edə bilmələri üçün kifayət qədər əsaslı qanunvericilik platforması yaradılıb. Onlar normal fəaliyyət göstərərək pandemiya məhdudiyyətlərini də gözləməklə artıq 18 mindən çox işə baxıblar”.

Nazir müavini qeyd edib ki, "Mediasiya haqqında" qanun bu fəaliyyəti tənzimləyən bir neçə normativ-hüquqi akt, o cümlədən mediasiya xidmətlərinə görə xərclərin ödənilməsinə, mediatorların hazırlanmasına, onların peşəkar etik davranışına, mediasiya prosesinin həyata keçirilməsinə və mediasiya reyestrinin aparılmasına dair təlimat və qərarlar qəbul olunub. Mediasiya Şurası hüquqi şəxs kimi qeydiyyata alınıb, idarə olunması üçün müşavirə şurası formalaşdırılıb. Avropa İttifaqının dəstəyi ilə 30-dək mediator-təlimçi hazırlanıb. 240 nəfər mediasiya təlimlərinə cəlb olunub ki, onların da 195-i mediasiya sertifikatı alıb. Proses intensiv şəkildə davam etdirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR