Nazir: "Saxta əlillik almağa cəhd edənlər arasında 18 yaşına çatmayanlar çoxdur"

Nazir: "Saxta əlillik almağa cəhd edənlər arasında 18 yaşına çatmayanlar çoxdur"
  • Clock-gray 14:08
  • calendar-gray 14 Oktyabr 2019

"Əlliliyə səbəb olan xəstəliklə uzlaşmayan iş yerində işləyən, yaxud əlilliklə uzlaşmayan təhsil müəssisələrində oxuyan vətəndaşlar müəyyən edildikdə müvafiq, adekvat addımlar atılır".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, bu tədbirlər nəticəsində Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə işçi qrupu bu il 2500-dən artıq saxta əlillik alan şəxs müəyyən edilib:

"Onlarla bağlı ciddi tədbir görülüb, dövlət büdcəsinə illik qənaətlə bağlı 13 milyondan artıq nəticə əldə edilib. Bu proses daimi olacaq və ortaya çıxan hər hansı bir yanlışlıqla bağlı tədbir görüləcək".

S.Babayev bildirib ki, Azərbaycanda 620 min əlil var:

"Hər il həm xronoloji, patoloji səbəblərdən, həm də qəzalardan, hadisələrdən irəli gələrək əlillik üçün müraciət edən şəxslər olur. Onlarla bağlı ciddi qiymətləndirilmə aparılıb. Bildiyiniz kimi, bu gün əlilliyin təyinatı iki mərhələdə aparılır. Əvvəlcə vətəndaş Səhiyyə Nazirliyinə müraciət edir. Orada əlillik təyin ediləndən sonra müvafiq elektron forma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də tibbi ekspertiza və reablitasiya mərkəzinə təqdim edilir. Nazirliyin ekspertləri tərəfindən qiymətləndirmə aparılarkən vətəndaşla təmas olmur. Yəni, sırf elektron forma üzərindən iş aparılır, amma qiymətləndirilmə aparıldıqdan sonra həm yeni, həm də köhnə təyin edilmiş əlilliklə bağlı mütəmadi elektron monitorinq aparılır".

Nazirin dediyinə görə, saxta əlillik meydana çıxdığı təqdirdə həmin vətəndaşın ödənişi kəsilir, indiyədək və sonra alacağı vəsaitlərə dair ona qarşı tələb irəli sürülür.  

S.Babayev bildirib ki, saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir:

"Burada həm sağlamlıq imkanları məhdud olan uşaq qismində əlillik dərəcəsi almaq istəyən insanlar, həm də orta, yuxarı yaş kateqoriyasında olan şəxslər var. Saxta əlillik dərəcəsi almağa cəhd edənlər arasında 18 yaşına çatmayanlar çoxluq təşkil edir. Bu, daha çox oğlanların əsgərlikdən yayınması üçün olan cəhdlərdir. Qız uşaqlarında isə subyektiv səbəblər var. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün pensiyaya çıxma tələbləri daha asandır. Ona görə də bu kimi halların qarşısını almaq üçün monitorinqlər davam edir".

Nazirin bildirdiyinə görə, əsasən risk kriteriyaları üzrə baxılır:

"Orta və yuxarı yaşlı şəxslərdə əlilliyi olan yüksək pensiya alanlar çərçivəsində orada olan saxtakarlıqları daha tez aşkar edirik. Ümumilikdə monitorinqlər bütün istiqamətləri əhatə edəcək və daimi elektron monitorinqə çevriləcək".

Nazir bildirib ki, ölkə üzrə aylıq əsasda dövlətdən vəsait alan 2 milyon 800 min insanın hər birinin məlumatı elektronlaşdırılaraq vahid portala yerləşdiriləcək.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date