Nazirlik: Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız Azərbaycanda yenidən karantinə alınmayacaq

Nazirlik: Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız Azərbaycanda yenidən karantinə alınmayacaq
# 14 fevral 2020 13:15 (UTC +04:00)

Səhiyyə Nazirliyi Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının yenidən karantinə götürülməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavaba görə, həmin şəxslər Türkiyə 14 gün karantin müddəti keçiblər.

“Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, - deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu gün bildirib ki, analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb. Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb.

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları sabah Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılacaqlar.

Azərbaycanın Türkiyədəki səfirliyi Azərbaycan vətəndaşlarının xəstəxanadan buraxıldıqdan sonra sabah gün ərzində Bakıya yola salınacaqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR