Nazirlik şagirdlərin yekun attestasiyasının aparılması qaydalarına dəyişikliyi şərh edib

Nazirlik şagirdlərin yekun attestasiyasının aparılması qaydalarına dəyişikliyi şərh edib
# 18 fevral 2020 15:55 (UTC +04:00)

“Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının, yəni qiymətləndirilməsinin aparılması qaydaları Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmişdi. Lakin 2019-cu ilin mart ayında "Ümumi təhsil haqqında" qanun qəbul olundu. Həmin qanunda şagirdlərin biliyinin yenidən qiymətləndirilməsinin qaydasının hazırlanması nəzərdə tutulurdu".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nda dəyişikliyini şərh edən Nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Gülarə Xudiyeva bildirib. Onun sözlərinə görə, "Ümumi təhsil haqqında" qanunda nəzərdə tutulmuş bu müddəa məktəbdaxili qiymətləndirmənin aparılması qaydalarına yenidən baxılması zərurətini yaradıb: “Həmin qaydalara yenidən baxılarkən ötən dövr ərzində Təhsil Nazirliyinə daxil olmuş müraciətlər də nəzərə alındı. Nazirliyə belə müraciətlər daxil olurdu ki, bəzən valideynlər və yaxud şagirdlər aparılan qiymətləndirmənin nəticələrindən narazı olurdular və bununla bağlı prosedurun necə tənzimlənməsi qanunvericilik aktlarında nəzərdə tutulmadığından müəyyən çətinliklərlə üzləşirdilər. Bu səbəbdən qaydalara olan dəyişikliklərdə həmin prosedurun tənzimlənməsi nəzərdə tutuldu. Belə ki, əgər valideyn və ya şagird aparılmış summativ qiymətləndirmənin nəticəsindən və yaxud illik qiymətlərin hesablanmasından narazıdırsa, təhsil müəssisəsinin rəhbərinə müraciət edir və 30 gün müddətində o müraciətə baxılır. Əgər summativ qiymətləndirmənin aparılması və hesablanması prosesində hər hansı nöqsan aşkarlanarsa, qiymətləndirmənin nəticəsi yenidən hesablanır”.

Nazirlik nümayəndəsi deyib ki, əgər sualların tərtibatında hər hansı bir nöqsana rast gəlinərsə, bu zaman şagirdlərlə yenidən qiymətləndirmə aparılması nəzərdə tutulur: “Valideynin və ya şagirdin iddiası əsasında hər hansı bir nöqsan aşkar edilmirsə, bu zaman valideynə yazılı cavab verilir. Əgər məktəbdə aparılmış yenidən qiymətləndirmənin nəticəsindən valideyn yenə narazı olarsa, bu zaman valideyn həmin məktəbin tabe olduğu təhsil idarəetmə orqanına və yaxud Təhsil Nazirliyinə yazılı şəkildə müraciət edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR