Nəsiminin 650 illiyi ilə bağlı Müşfiqabadda ağacəkmə aksiyası keçirilir

Nəsiminin 650 illiyi ilə bağlı Müşfiqabadda ağacəkmə aksiyası keçirilir
# 06 dekabr 2019 11:25 (UTC +04:00)

"Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə bu gün Azərbaycanın bütün regionları həvəslə, yüksək əhval-ruhiyyə ilə qoşulub".

APA xəbər verir ki, bunu kampaniya çərçivəsində jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib. O bildirib ki, bu xeyirxah təşəbbüsə hamının səfərbər olması çox qürurvericidir:

"Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə ağacların əkilməsinə başlanılıb. Bura zeytun, badam əsasən meyvə ağacları aiddir. Müşviqabadda keçirilən kampaniyada ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri iştirak edirlər".

V.Kərimov qeyd edib ki, bu gün burada 1000-ə yaxın insan ağacəkmədə iştirak edir.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün ölkənin hər yerində eyni vaxtda hamı bu aksiyaya qoşulub:

"Ölkənin bütün regionlarında vətəndaşlar çox böyük həvəslə ağac əkmə aksiyasında iştirak edir. Bu, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasina çox böyük töhfədir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, bu tədbir yaşıllıqların salınması baxımından mühüm bir təşəbbüsdür:

"İnsan ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir, xüsusən də müasir zamanda. Keçirilən bu aksiya ölkəmizdə yeni yaşıllıq zonalarının salınması, Azərbaycanımızın daha da gözəlləşməsinə, zənginləşməsinə böyük töhfədir".

BMT-nin Ərzaq və Kənd Təsərrüfati təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak jurnalistlərə açıqlamasında bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı üçün önəmlidir:

"Meşələrin artırılması yolu ilə biz karbon qazının atmosferə buraxılmasının qarşısını ala bilirik. Karbon qazının azaldılması, torpaqda saxlanılması həm də biomüxtəlifliyin qorunması və kənd təsərrüfatı baxımından önəmlidir. Fauna və flora müxtəlifliliyi, arıların çoxalması, bal verməsi məqsədilə meşələri kənd təsərrüfatı baxımından vacib sektor kimi görürük".

Qeyd edək ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı ağacəkmə kampaniyası başlayıb. Respublikanın bütün regionlarını əhatə edən bu təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib.

Bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına müsbət təsir göstərəcək.

Əsmər Qabil, Əcəmi Əsədulla

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR