Obyektiv olmayan sosial işçi övladlığagötürmə prosesində iştirak edə bilməyəcək

Obyektiv olmayan sosial işçi övladlığagötürmə prosesində iştirak edə bilməyəcək
# 27 fevral 2020 18:03 (UTC +04:00)

Övladlığa uşaq götürmək istəyən valideyn-namizədlə müsahibə keçirilməsi və onun maddi-məişət şəraitinin müayinəsi qaydası açıqlanıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bildirilib ki, valideyn-namizəd uçota alındıqdan sonra on iş günü müddətində sosial işçi valideyn-namizədlə onun yaşayış yerində müsahibə keçirir.

Müsahibə zamanı valideynlərlə iş üzrə sosial işçi valideyn-namizədin həyat şəraiti, maraqları, ailə tərkibi barədə məlumatları, habelə ailə üzvlərinin övladlığagötürməyə münasibətini öyrənir, eyni zamanda, övladlığagötürmə ilə bağlı valideyn-namizədi məlumatlandırır və müsahibənin nəticələrinə dair iki iş günü müddətində ilkin qiymətləndirmə rəyi hazırlayıb altsistemə daxil edir.

Müsahibə başa çatdıqdan sonra uşaqlarla iş üzrə sosial işçi valideyn-namizədin maddi-məişət şəraitini uşağın mənafeyinə uyğunluq baxımından müayinə edir. Müayinənin nəticəsinə dair Əlavədə müəyyən edilmiş formaya uyğun olaraq, valideyn-namizəd və uşaqlarla iş üzrə sosial işçi tərəfindən imzalanmaqla akt tərtib edilir və uşaqlarla iş üzrə sosial işçi həmin gün ərzində aktı altsistemə daxil edir. Müayinənin nəticələrinə əsasən valideyn-namizədin maddi-məişət şəraiti uşağın mənafeyinə uyğun hesab edilmədikdə, valideyn-namizəd bir ay müddətində aktda qeyd olunan nöqsanları aradan qaldırmaqla maddi-məişət şəraitinin müayinəsi üçün təkrar müraciət etmək hüququna malikdir.

Sosial işçi tərtib etdiyi rəyin və aktın obyektivliyinə və qərəzsizliyinə görə şəxsən məsuliyyət daşıyır. Valideyn-namizədlərdən birinin qohumu olan və ya qohumu olmuş, habelə bilavasitə və ya dolayı yolla uşağın müsahibə aparılan valideyn-namizəd tərəfindən övladlığa götürülməsində marağı olan və ya obyektivliyinə və qərəzsizliyinə şübhə yaradan kifayət qədər əsas olan sosial işçinin övladlığagötürmə prosesində iştirakına yol verilmir. Belə hal aşkar edildikdə, həmin sosial işçi övladlığagötürmə prosesindən kənarlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR