Ombudsman Suriyada döyüş zonalarında qalan azərbaycanlılarla bağlı dövlət qurumlarına müraciət edib

Ombudsman Suriyada döyüş zonalarında qalan azərbaycanlılarla bağlı dövlət qurumlarına müraciət edib
  • Clock-gray 13:50
  • calendar-gray 09 Mart 2021

Ombudsman Suriya Ərəb Respublikasında döyüş zonalarında qalan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qaytarılması məsələsini diqqətdə saxlayıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarını Suriyada axtaran bir sıra şəxslər müxtəlif vaxtlarda Ombudsmana müraciət edərək, həmin ölkədə gedən vətəndaş müharibəsində müxtəlif silahlı birləşmələrin tərkibində döyüşən qohumlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların bu ölkənin müxtəlif ərazilərində yerləşən çadır düşərgələrində girov kimi saxlanıldıqlarını, yaralı və xəstələrin düşərgələrdə tibbi yardımdan kənarda, baxımsız vəziyyətdə qaldıqlarını bildiriblər.

Müraciətlərdə, eyni zamanda? müvafiq əraziyə nəzarət edən silahlı dəstələr tərəfindən həmin düşərgələrdə saxlanılan uşaqların və qadınların pis rəftar və işgəncələrə məruz qaldıqları, müxtəlif vaxtlarda zor tətbiq edilməklə uşaqların ailələrindən alındıqları və ya oğurlandıqları, yaxud da itkin düşdükləri, vəziyyətin humanitar fəlakət və insan həyatı üçün təhlükəli səviyyəyə çatdığı göstərilib.

İstər COVID-19 pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimindən əvvəl Ombudsman tərəfindən keçirilmiş qəbullar zamanı, istərsə də müxtəlif vaxtlarda ünvanladıqları rəsmi müraciətlərdə ərizəçilər Suriyada qalan və Azərbaycan vətəndaşları olan qohumlarının respublikamıza qaytarılmasında köməklik göstərilməsini xahiş ediblər.

Qeyd olunanları nəzərə alaraq, Ombudsman Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə qaytarılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətlər edib.

Ombudsman, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mandatı çərçivəsində Cenevrə Konvensiyalarına uyğun olaraq, Suriyadakı münaqişənin girovuna çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının maraqlarının müdafiə edilməsi, həmin şəxslər barədə məlumatların alınması və dəqiqləşdirilməsi, müharibə zonasında fəaliyyət göstərən sülhməramlı missiyalar qarşısında məsələ qaldırılması, girovluqda olduqları müddətdə işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınması, çadır düşərgələrində ehtiyac içində saxlanılan insanlara təxirəsalınmaz humanitar dəstəyin, yaralı və xəstələrə isə tibbi yardımın göstərilməsi, onların Azərbaycana qaytarılması istiqamətində tədbirlər görülməsi məqsədi ilə BQXK və onun Azərbaycan Nümayəndəliyinə də müraciətlər edib.

Göstərilənlərlə yanaşı, Ombudsmanın BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri və müdafiə işləri üzrə koordinatoru ilə videokonfrans formatında keçirdiyi görüşdə Suriya ərazisində girov kimi saxlanılan Azərbaycan vətəndaşlarının mövcud vəziyyəti və onların geri qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Ombudsman təsisatı ilə əməkdaşlığa böyük önəm verdiklərini, qeyd edilən məsələlərin diqqətdə saxlanıldığını, bu sahədə fəaliyyətin əlaqəli şəkildə davam etdiriləcəyini, Suriya düşərgələrində saxlanılan şəxslərin, xüsusilə uşaqların hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrılacağını bildirib.

Həmin təşkilatın müdafiə işləri üzrə koordinatoru isə öz növbəsində, Suriyadakı saxlanma yerlərində başçəkmələr aparıldığını, dünyanı cənginə alan koronavirus epidemiyasının ümumi fəaliyyətdə bir sıra çətinliklər yaratdığını, bununla belə, problemin həlli istiqamətində koordinasiyalı şəkildə çalışacaqlarını qeyd edib.

Videogörüşdə Suriya ərazisində çətin vəziyyətdə qalan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət mexanizmləri, habelə həmin ölkənin ərazisində olan soydaşlarımızın hüquqlarının və qanuni maraqlarının müdafiəsinin effektivliyi və mövcud mexanizmlərin təkmilləşdirilməsi yolları müzakirə edilib.

 

Əsmər Qabil

Digər xəbərlər