Ombudsman Türkiyənin ədliyyə naziri ilə görüşüb

Ombudsman Türkiyənin ədliyyə naziri ilə görüşüb
# 08 aprel 2021 16:08 (UTC +04:00)

Türkiyəyə səfəri çərçivəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül ilə görüş keçirib.

Ombudsman Aparatından APA-ya bildirilib ki, iki ölkə arasında dostluq və qardaşlığa söykənən münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini qeyd edən Abdulhamit Gül, həmçinin insan hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlıq əlaqələrinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ombudsman Səbinə Əliyeva Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə sərəncamının mahiyyəti və əhəmiyyətindən danışıb.

Azərbaycan Ombudsmanı 2021-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən humanizm prinsiplərinə əsaslanaraq imzalanan əfv sərəncamının 8 bənd üzrə ümumilikdə 625 nəfər şəxsi əhatə etdiyini bildirib. Qeyd olunub ki, həmin əfv sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman Səbinə Əliyeva tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 72 nəfər məhkum əfv olunub. Ümumilikdə Ombudsman təsisatının fəaliyyəti dövründə Müvəkkilin vəsatətləri üzrə 774 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayalar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər və digər məhkumların əfv edilərək azadlığa buraxıldığı diqqətə çatdırılıb.

Görüşdə tərəflər gələcəkdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirə aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR