On min hektar ərazidə meşəbərpa tədbirləri həyata keçirilib

On min hektar ərazidə meşəbərpa tədbirləri həyata keçirilib
# 09 fevral 2021 12:58 (UTC +04:00)

2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, görülmüş tədbirlər çərçivəsində 527,3 hektar sahədə meşə əkinləri, 121,2 hektar sahədə meşə səpinləri işləri aparılıb. 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil edib.

Bundan başqa, səpin sahələrində 9,6 hektar sahəyə toxumlar səpilib, 2,0 hektar çilik kökləndirməsi sahələrinə 93,2 min ədəd çilik basdırılıb.

2020-ci ildə meşə fondu sahələrindən 51,0 ton meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilib ki, bunların da 1,6 tonu qoz, 0,5 tonu badam, 0,4 tonu digər meyvə ağaclarının, 46,8 tonu palıd, 1,7 tonu digər meşə ağacları və kol cinslərinin toxumlarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR