Ötən il 8217 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb

Ötən il 8217 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb
# 12 fevral 2021 17:00 (UTC +04:00)

Bələdiyyələrin fəaliyyətinə dair həyata keçirilən inzibati nəzarət tədbirləri nəticəsində ümumilikdə 10478 ha torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təklif və məhkəmələrə iddialar verilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisə daxil olan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, nəticədə 396 ha torpaq sahəsinin mülkiyyətə, 6850 ha torpaq sahəsinin icarəyə və 971 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Bütövlükdə 8217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bu, 2019-cu illə müqayisədə 17% çoxdur.

2261 ha torpaq sahəsi ilə bağlı müraciətlər isə məhkəmələrin icraatındadır.

Məruzədə qeyd olunur ki, Ədliyyə Nazirliyinin təklifləri ilə qanunsuz ayrılmış örüş sahələri də bələdiyyələrə qaytarılıb.

Sənəddə bildirilir ki, ümumi istifadə üçün nəzərdə tutulmuş örüş sahələrinin qanunsuz icarəyə və ya mülkiyyətə ayrılması vətəndaşların çoxsaylı şikayətlərinə səbəb olur. Bu pozuntuların aradan qaldırılması, ümumi istifadədə olan örüş torpaqlarının qanunvericiliyin tələblərinə uyğun istifadəsinin təmini məqsədi ilə bələdiyyələr arasında sorğu keçirilib və zəruri tədbirlər görülüb. Nəticədə nazirliyin təklifləri əsasında ümumi istifadə üçün nəzərdə tutulan qanunsuz ayrılmış 3 min 417 hektar örüş sahəsi bələdiyyələrin sahibliyinə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR