Bu il I, V və IX sinif dərsliklərinə dair ictimai rəy öyrəniləcək

Bu il I, V və IX sinif dərsliklərinə dair ictimai rəy öyrəniləcək
# 20 fevral 2020 17:41 (UTC +04:00)

“5 ildir dərsliklərlə bağlı ictimai rəyin öyrənilməsi ilə məşğul oluruq. Ötən tədris ilində ictimai rəyin öyrənilməsi üçün IV və VIII sinif dərsliklərini ictimai rəy üçün aktiv etmişdik”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin əməkdaşı Vüsalə Əliyeva bildirib. Onun sözlərinə görə, bütün haqlı rəylər nəzərə alındıqdan sonra dərsliklər çapa göndərilib və məktəblərə paylanılıb:

“Bu il I, V və IX sinif dərsliklərinə dair ictimai rəyin öyrənilməsini nəzərdə tutmuşuq. Artıq bu dərsliklərin layihələrini www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar" bölməsinə yerləşdirməyə başlamışıq. Hələ həmin 3 sinif üzrə bütün dərsliklərin yerləşdirilməsi başa çatmayıb, amma proses gedir və yaxın günlərdə tamamlanacaq. İstənilən şəxs sərbət şəkildə sayta daxil ola, tanış olmaq istədiyi dərslik və yaxud metodik vasitənin layihəsini seçə, onlayn və ya kompüterinə yükləyib sonra, sayt üzərindən xüsusi ayrılmış sahədə irad və təkliflərini yazaraq bizə bildirə bilər”.

V.Əliyeva qeyd edib ki, dərsliklərə dair ictimai rəyin öyrənilməsi yalnız dərslik və metodik vəsait layihələrinin sayta yerləşdirilməsi ilə bitmir: “Bu istiqamətdə dövlət qurumları, beynəlxalq və xarici təşkilatlarla, aidiyyəti elmi-tədqiqat institutları ilə əməkdaşlıq edirik. Dərsliklər hazır olan kimi onların yeni versiyası yenə də www.trims.edu.az saytına yerləşdirilir. Bütün irad və təkliflər bir-bir dərsliklərin müəllifləri, Təhsil Nazirliyinin özünün bu fənlər üzrə mütəxəssis komandaları tərəfindən nəzərdən keçirilir. Hər bir irad və təklifin qəbul edilib-edilmədiyi barədə qeydlər edilir. İrad və yaxud təklif qəbul edilməyibsə, müəllif tərəfindən bunun niyə qəbul edilmədiyi əsaslandırılır. Yalnız bu əsaslandırmalar edildikdən, dərslik layihəsi yenidən nəzərdən keçirildikdən sonra dərslik təsdiq olunur və onun çap məsələsindən danışmaq mümkün olur”.

Nazirlik nümayəndəsi deyib ki, dərsliklər hökumətin qərarı ilə 4 il istifadə olunmaq üçün çap olunur: "Hər bir dərsliyin fiziki istifadədə olma müddəti 4 il təyin olunub. İstifadə müddəti bitdikdən sonra həmin dərslik üzərində müəyyən təkmilləşdilmələrdən danışmaq olar. Dərsliklər üzərində dəyişiklik hər il deyil, 4 tədris ili bitdikdən sonra həyata keçirilir və əvvəlki illərdə istifadəyə verilən dərsliklər istifadədən çıxarılmış olur. Məzmun baxımından yenilənmiş, yaxud təkmilləşdirilmiş dərsliklər əvvəlki dərslikləri əvəz edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR