Ötən il dünyada meşələrin məhvi kəskin artıb

Ötən il dünyada meşələrin məhvi kəskin artıb
# 31 mart 2021 11:35 (UTC +04:00)

2020-ci ildə dünyada meşələrin məhv edilməsi kəskin şəkildə artıb.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, ən azı 42 min kvadrat kilometr meşə örtüyü məhv olub.

Meşələrin yoxa çıxması əsasən tropik bölgələrdə qeydə alınıb. Merilend Universiteti və onlayn monitorinq platforması “Global Forest Watch”un məlumatlarına görə, bu itki son 20 ildə qeydə alınan ən pis göstəricidir.

Meşələrin məhvi Amazon, Konqo və Cənub-Şərqi Asiyada daha çox qeydə alınıb.

Ümumilikdə, 2020-ci ildə tropik bölgələrdə 12,2 milyon hektar meşə örtüyü məhv olub ki, bu, 2019-cu illə müqayisədə 12 faiz çoxdur. Braziliyadakı meşəlik sahələri daha çox itkiyə məruz qalıb, 1,7 milyon hektar ərazi məhv edilib və bu rəqəm əvvəlki ilə nisbətən çoxdur.

Dünya Resursları İnstitutunun siyahısında meşə itkisinə görə ilk üçlükdə olan İndoneziya bu siyahını tərk edib. Belə ki, İndoneziyada meşələrin qırılması azalıb. Bu ölkədə 2016-cı ildə meşələrin məhvi pik həddə çatıb, lakin növbəti dörd ildə hökumətin tədbirləri nəticəsində meşə sahəsinin itkisi azalıb.

İnkişaf etmiş ölkələr də meşə itkisindən azad deyillər. Ötən il Almaniyada 2018-ci ilə nisbətən meşələrin məhvində üç qat artım qeydə alınıb. Bu artım əsasən qlobal istiləşmənin gətirdiyi isti və quru havaya həssas olan ağaclara qabıq böcəklərinin verdiyi zərərlərlə əlaqədardır.

Avstraliyada son iki ildə, əsasən həddindən artıq meşə yanğınları səbəbi ilə meşə örtüyü itkisində 9 qat artım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR