Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında uşaq övladlığa götürmək istəyən ailənin gəlirlərinin hesablanması qaydası açıqlanıb.
APA-nın məlumatına görə, Fərmanın 4.3 bəndində qeyd edilib ki, valideyn-namizədin müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzində onun və onun ailə üzvlərinin ümumi gəlirləri müvafiq dövr üzrə kredit (o cümlədən ipoteka, lizinq), kirayə, aliment ödənişləri, eləcə də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra sənədləri üzrə digər öhdəliklər çıxıldıqdan sonra 12-yə bölünməklə ailənin orta aylıq gəliri hesablanır və ailə üzvlərinin sayına bölünməklə ailənin adambaşına düşən orta aylıq gəliri müəyyən edilir.
Valideyn-namizədin və onun ailə üzvlərinin adambaşına düşən orta aylıq gəlirləri, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəzərdə tutulan gəlirlər nəzərə alınmaqla, bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq hesablanır.
Valideyn-namizədin gəlirlərini nəzərdə tutulmuş qaydada hesablamaq mümkün olmadıqda, valideyn-namizədin müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzində bank hesabında olan vəsait nəzərə alınır. Bu zaman valideyn-namizədin bank hesabında olan vəsaitin ümumi məbləği onun özü, ailə üzvləri və övladlığa götürülən uşaq da nəzərə alınmaqla hər biri üçün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 60 (altmış) mislindən az olmamalıdır.