Övladlığa uşaq götürmək istəyən valideyn-namizədlə müsahibə keçirilmə qaydaları müəyyənləşib

Övladlığa uşaq götürmək istəyən valideyn-namizədlə müsahibə keçirilmə qaydaları müəyyənləşib
# 27 fevral 2020 17:52 (UTC +04:00)

“Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda valideyn-namizədlə müsahibə keçirilməsi və onun maddi-məişət şəraitinin müayinəsi qaydaları təsdiqlənib.

APA xəbər verir ki, valideyn-namizəd bu Qaydaya uyğun olaraq uçota alındıqdan sonra 10 (on) iş günü müddətində sosial işçi valideyn-namizədlə onun yaşayış yerində müsahibə keçirir.

Müsahibə zamanı valideynlərlə iş üzrə sosial işçi valideyn-namizədin həyat şəraiti, maraqları, ailə tərkibi barədə məlumatları, habelə ailə üzvlərinin övladlığagötürməyə münasibətini öyrənir, eyni zamanda, övladlığagötürmə ilə bağlı valideyn-namizədi məlumatlandırır və müsahibənin nəticələrinə dair 2 (iki) iş günü müddətində ilkin qiymətləndirmə rəyi hazırlayıb altsistemə daxil edir.

Müsahibə başa çatdıqdan sonra uşaqlarla iş üzrə sosial işçi valideyn-namizədin maddi-məişət şəraitini uşağın mənafeyinə uyğunluq baxımından müayinə edir. Müayinənin nəticəsinə dair bu Qaydaya əlavədə müəyyən edilmiş formaya uyğun olaraq, valideyn-namizəd və uşaqlarla iş üzrə sosial işçi tərəfindən imzalanmaqla akt tərtib edilir və uşaqlarla iş üzrə sosial işçi həmin gün ərzində aktı altsistemə daxil edir. Müayinənin nəticələrinə əsasən valideyn-namizədin maddi-məişət şəraiti uşağın mənafeyinə uyğun hesab edilmədikdə, valideyn-namizəd 1 (bir) ay müddətində aktda qeyd olunan nöqsanları aradan qaldırmaqla maddi-məişət şəraitinin müayinəsi üçün təkrar müraciət etmək hüququna malikdir.

Qaydaya əsasən, sosial işçi tərtib etdiyi rəyin və aktın obyektivliyinə və qərəzsizliyinə görə şəxsən məsuliyyət daşıyır.

Valideyn-namizədlərdən birinin qohumu olan və ya qohumu olmuş, habelə bilavasitə və ya dolayı yolla uşağın müsahibə aparılan valideyn-namizəd tərəfindən övladlığa götürülməsində marağı olan və ya obyektivliyinə və qərəzsizliyinə şübhə yaradan kifayət qədər əsas olan sosial işçinin övladlığagötürmə prosesində iştirakına yol verilmir. Belə hal aşkar edildikdə, həmin sosial işçi övladlığagötürmə prosesindən kənarlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR