Peşə təhsili müəəsisəsinə qəbul mərkəzləşmiş sistem əsasında həyata keçiriləcək

Peşə təhsili müəəsisəsinə qəbul mərkəzləşmiş sistem əsasında həyata keçiriləcək
# 10 avqust 2020 11:46 (UTC +04:00)

"Peşə təhsili müəəsisəsinə qəbul üçün bu ildən ASAN xidmət mərkəzlərinə getməyə ehtiyac yoxdur".

APA-nın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Röyal Yolçuzadə deyib. Onun sözlərinə görə, bu ildən qəbul mərkəzləşmiş sistem əsasında həyata keçiriləcək: "Peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər qəbul.vet.edu.az platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər. Müraciətlər barədə ərizçinin "Şəxsi kabineti"nin bölümündə göstərilir.

İlk dəfə olaraq müraciət edənlər agentliyin saytında bütün ixtisaslar və müəssisələr barədə məlumat ala bilərlər. Bu da namizədlərin işini asanlaşdırır və onların evdən çıxmasına ehtiyac olmur".

O bildirib ki, peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirənlər müraciət edə bilərlər: "Qeydiyyatdan keçənlərin ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edənlərin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsil müəssisəsinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı əsasında aparılır".

R.Yolçuzadə qeyd edib ki, tələbə qəbulu prosesində hər şəxsə 5 ixtisas seçimi verilir: "Müsabiqədə iştirak edənlərə müraciətin nəticəsi barədə SMS vasitəsilə məlumat verilməsi nəzərdə tutulur".

Baş məsləhətçi qeyd edib ki, bəziləri hələ də buraxılış imtahanını verməyib və attestat almayıblar: "Həmin şəxslər oxuduqları məktəbdən attestat imtahanını növbəti mərhələdə verəcəyi barədə sənəd və 10 fənn barədə qiymət cədvəlini almalıdır. Qeydiyyat zamanı bu sənədlər istifadə edə bilərlər.

Həmçinin müraciət edənlərə bitirdiyi təhsil səviyyəsinə uyğun ixtisaslar təklif olunacaq. Yəni 9 və 11-ci siniflərə uyğun ixtisaslar göstəriləcək. Buna görə də məlumatları doğru qeyd etmək lazımdır".

O qeyd edib ki, 24 avqustda qeydiyyat başa çatdıqdan sonra 25 avqustdan müsabiqənin nəticəsi barədə namizədlərə SMS məlumat göndəriləcək: "İkinci mərhələnin olub-olmaması barədə nəsə demək tezdir. Boş qalan yerlər olarsa, ikinci mərhələ elan olunur. Əgər olarsa, bu proses sentyabrın əvvəlində elan olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR