Pirallahı adasındakı məktəb günəş enerjisi hesabına işıqlandırılır - VİDEO

 Pirallahı adasındakı məktəb günəş enerjisi hesabına işıqlandırılır - VİDEO
  • Clock-gray 11:14
  • calendar-gray 24 İyun 2020

Son zamanlar “Azalternativenerji” MMC tərəfindən paytaxtda və bölgələrdə bir sıra sosial obyektlərdə günəş panelləri quraşdırılıb.

APA TV-nin məlumatına görə, bununla da sözügedən obyektlər panellərin gücündən asılı olaraq elektrik enerjisinə olan tələbatını qismən və ya tam olaraq öz hesabına ödəyir. Belə müəssisələrdən biri də paytaxtın Pirallahı rayonunun eyniadlı qəsəbəsində yerləşən 235 nömrəli tam orta məktəbdir.

Milli qəhrəman Yəvər Əliyevin adını daşıyan bu təhsil ocağında minə yaxın şagird təhsil alır. “Azalternativenerji” MMC-nin Enerji satışı və uçotu şöbəsinin müdiri Mikayıl Rəsulov deyir ki, məktəbin həyətində quraşdırılmış günəş panelləri təhsil müəssisəsinin elektrik enerjisinə olan tələbatını tam şəkildə ödəyir. Onun sözlərinə görə, məktəbdə 100 ədəd ümumi gücü 25 kv/saat olan günəş panelləri və günəş generasiya qurğusu quraşdırılıb: “25 kv/saat, demək olar ki, məktəbin elektrik enerjisinə olan tələbatını tam ödəyir. Əksər hallarda məktəbdə enerjiyə tələbat az olduğu hallarda istehsal olunan enerji “Azərişıq” ASC-nin şəbəkəsinə ötürülür. Biz məktəbdə bu sistemi qurandan sonra indiyədək 126 min kv/saat elektrik enerjisi istehsal etmişik”.

Mikayıl Rəsulov bildirir ki, günəş panellərindən alınan enerji hava şəraitinə, mövsümə görə dəyişir. Onun sözlərinə görə, qış aylarında elektrik enerjisinə tələbat daha çox olur. Ona görə də yay aylarında toplanılmış ehtiyat enerji “Azərişıq” ASC-nin şəbəkəsinə ötürülür və qışda ehtiyac yarandığı təqdirdə məktəb həmin enerjini yenidən şəbəkədən ala bilir: “25 kv/saat məktəbin elektrik enerjisinə olan tələbatını istər yay, istərsə də qış aylarında tam olaraq ödəməyə qadirdir. Lakin ola bilsin ki, qış aylarında elektrik enerjisinə olan tələbat çoxalsın. Bu zaman biz şəbəkədən enerji almaq imkanına malikik. Yəni, burdakı günəş panelləri və generasiya qurğusu şəbəkə ilə paralel işləmə qabiliyyətinə malikdir”.

Qurum rəsmisinin sözlərinə görə, günəş panellərinin işləmə mexanizmi olduqca sadədir və ekoloji mühit üçün heç bir təhlükəsi yoxdur: “Günəş panellərinin özünün spesifik iş xüsusiyyəti var. Panellər ərazidə quraşdırılır. Günəşdən alınan enerji sabit cərəyan şəklində inventora ötürülür. İnventordan standart enerji şəbəkəyə verilir. Şəbəkə deyəndə, biz məktəbi və “Azərişıq” ASC-nin şəbəkəsini nəzərdə tuturuq”.

Qeyd edək ki, Təhsil Nazirliyi, Energetika Nazirliyi və “Azalternativenerji” MMC birgə layihəsi əsasında ölkənin ucqar nöqtələrində yerləşən məktəblərdə günəş panellərinin quraşdırılması planlaşdırılıb.

 

apa-logo-mini

Digər xəbərlər