Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılacaq

Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılacaq
# 12 dekabr 2020 12:25 (UTC +04:00)

AMEA-nın İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması haqqında məsələ iclasın müzakirəsinə çıxarılıb.

AMEA-dan APA-ya bildirilib ki, məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış Azərbaycan torpaqları ciddi antropogen təhdidlərə məruz qoyulub, həmin ərazilərdə sosial infrastruktur darmadağın edilib, təbii landşaft ciddi deformasiyaya uğradılıb.

Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi infrastrukturun qurulması, ekoloji tarazlığın bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Akademik İsa Həbibbəyli ərazilərin konfliktsonrası bərpasının araşdırılması və proqnozlaşdırılması üzrə İqtisadiyyat İnstitutunda ciddi elmi tədqiqat təcrübəsinin və bu sahədə beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərin olduğunu nəzərə alaraq, müəssisənin strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılmasının təklif edildiyini söyləyib. O, bu ilin noyabr ayında AMEA-nın Rəyasət Heyətində post-konflikt ərazilərin bərpasına həsr edilən tədbirin keçirildiyini xatırladıb.

Müzakirələr nəticəsində İqtisadiyyat İnstitutunun strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR