QİÇS-lə Mübarizə Mərkəzi: İİV ağcaqanad və digər böcəklərin sancması ilə keçmir

QİÇS-lə Mübarizə Mərkəzi: İİV ağcaqanad və digər böcəklərin sancması ilə keçmir
# 17 fevral 2021 11:44 (UTC +04:00)

"AİDS və QİÇS anlayışı biri birindən ayırmaq lazımdır. İIV-infeksiyası - İnsan İmmunçatışmazlığı Virusu ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromu İİV-infeksiyasının son mərhələsidir, insanın immun sisteminin zədələnməsi nəticəsində yaranan ağır, çox vaxt müalicə olunmayan ikincili xəstəliklərlə (opportunistik infeksiyalar, bədxassəli şişlər və s.) səciyyələnən mərhələdir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, İİV insanın immun (müdafiə) sisteminin hüceyrələrində çoxalaraq, onları məhv edir. Nəticədə insanın immun sistemi zədələnir və müdafiə funksiyasını yerinə yetirə bilmir: “İnsan orqanizminin müxtəlif xəstəliklərin törədiciləri və bədxassəli şişlərlə mübarizə aparmaq qabiliyyəti zəifləyir, sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir, müalicə tətbiq olunmasa, xəstəlik ölümlə nəticələnir.

Xəstəliyin tam müalicəsi yoxdur. Tətbiq olunan virusa qarşı müalicə- antiretrovirus müalicə (ARV-terapiya) adlanır. ARV-terapiya ömürlükdür, orqanizmin köklü sanasiyasi hələ ki, mümkün deyil. Lakin ARV-terapiya İİV-ə yoluxmuş insanların həyatını uzadır, həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Vaxtında tətbiq olunan ARV-terapiya ölüm hallarının qarşısını alır”.

Onun sözlərinə görə, xəstəliyə yoluxma yollarına gəldikdə, İİV-ə yoluxmanın cəmi 3 yolu var: “Cinsi yol- İİV-ə yoluxmuş insanla homo və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində.

Parenteral yol: İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı; İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində; İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarinin istifadəsi nəticəsində.

Perinatal yol: İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində.

İnsanlar çox zaman bu mövzuda yanlış düşünə bilirlər. İİV gündəlik məişət təmaslarıyla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. İIV sağlam dəridən keçməz. Bundan əlavə, İİV əl sıxma, dəriyə toxunma, qucaqlaşma, tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis, duş, üzmə hovuzu, dəniz, sauna, hamam, ağcaqanad və digər böcəklərin sancması ilə də keçmir”.

Həkim qeyd edib ki, İİV-infeksiyasının xüsusi simptomları olmadığından, İİV-ə yoluxmuş insanın uzun müddət İİV-ə yoluxduğu haqqda məlumatı olmur: “İİV-in diaqnostikası yalnız laborator müayinələrin aparılması yolu ilə mümkündür. Müasir testlər (ekspress-test) İİV-ə müayinənin nəticələrini 15-20 dəqiqə ərzində əldə etmək imkanı yaradıb. Qeyd etmək lazımdır ki, İİV-ə müayinələr pulsuz və tam anonimdir. Bu günə kimi İİV-ə qarşı effektiv peyvəndlərin hazırılanması mümkün olmayıb. Lakin buna baxmayaraq dünyanın bir çox aparıcı univerisitetləri, dərman firmaları peyvəndin yaradılması istiqamətində öz işlərini davam etdirməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR